Rekord böyük ekrana malik "iPhone" barədə məlumatlar açıqlanıb
"Apple" korporasiyası xəttində ən böyük ekrana malik smartfon təqdim edəcək.
AFN.az xəbər verir ki, bu barədə "Weibo" bloqunda tanınmış insayder "Digital Chat Station" (DCS) məlumat verib.
Mütəxəssis "Apple"ın 7 düymlük ekrana malik telefon üzərində işlədiyini bəyan edib. Müqayisə üçün qeyd edək ki, flaqman "iPhone 17 Pro Max" modelinin displey diaqonalı 6,9 düym təşkil edir.
DCS bildirib ki, bu cihaz 2027-ci ilin payızında işıq üzü görəcək yubiley smartfonu "iPhone 20 Pro Max" olacaq.
"Notebookcheck" nəşrinin jurnalistləri isə "Apple"ın ilk smartfonunun buraxılışının 20 illiyində təqdim olunacaq telefonun bir sıra digər əhəmiyyətli dəyişikliklər də alacağını bəyan ediblər.
Materialda deyilir ki, "Apple" "iPhone 19" modelini buraxmayaraq növbətiyə keçəcək, böyüdülmüş ekranın ön panelinin faydalı sahəsi isə 120 kvadrat santimetr olacaq.
Bundan əlavə, flaqmanın korpusu üstünlük təşkil edən şüşədən hazırlanacaq.
Həmçinin portalın müəllifləri "Apple"ın 2012-ci ildə "iPhone 5" modelini təqdim etdikdən bəri smartfonlarının ekran diaqonallarını ardıcıl olaraq artırdığını qeyd ediblər və jurnalistlər "bu tendensiyanın sonu hələ görünmür" deyə yekunlaşdırıblar.
Bir qədər əvvəl isə "Macworld" nəşrinin jurnalistləri "iOS 27" kodunda iki akkumulyatorlu "iPhone" xatırlatması tapmışdılar və onlar bunun "Apple"ın qatlanan smartfonu olacağını ehtimal etmişdilər.



