Venesueladakı zəlzələlərdə həyatını itirənlərin sayı 3899-a yüksəlib
Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələdə həyatını itirənlərin sayı 3899 nəfərə çatıb.
AFN.az xəbər verir ki, Venesuela Milli Assambleyasının Sədri Xorxe Rodriqes sosial media hesabından verdiyi açıqlamada fəlakətlə bağlı son rəqəmləri paylaşıb.
Rodriqes zəlzələlərdə həyatını itirənlərin sayının 88 nəfər artaraq 3899-a yüksəldiyini, yaralı sayının isə 16740 olduğunu açıqlayıb.
Səlahiyyətlilər və könüllülər tərəfindən 86794 ailəyə humanitar yardım çatdırıldığını bildirən Rodriqes 89 müvəqqəti çadır düşərgəsində 16892 ailənin yerləşdirildiyini qeyd edib.
Digər tərəfdən, ABŞ-nin Karakasdakı Səfirliyi 30 mindən çox Venesuela vətəndaşının ABŞ tərəfindən göndərilən humanitar yardım materiallarını təhvil aldığını bəyan edib.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin müşaviri Lyuk Lindberq və Dövlət Departamentinin rəsmisi Rayan Şramın təslim etdiyi yardımlar "Global Empowerment Mission" (GEM) vasitəsilə ehtiyac sahiblərinə çatdırılır.
Eyni zamanda Pan Amerika Səhiyyə Təşkilatı (PAHO/OPS) zəlzələlərdən sonra səhiyyə sahəsindəki fəaliyyətlərin kritik bir mərhələyə qədəm qoyduğunu bildirərək fövqəladə vəziyyətin hələ də davam etdiyini vurğulayıb.
Təşkilat fövqəladə vəziyyət çərçivəsində ehtiyac duyulan 24 milyon dolların indiyə qədər təxminən 9 milyon dollarının aktivləşdirildiyini qeyd edərək, cavab tədbirləri prosesinin tibbi xidmətlərin davam etdirilməsi, sabitliyin təmin olunması və erkən bərpa işlərinə yönələn yeni və kritik bir mərhələyə keçdiyini bəyan edib.
Təşkilatın direktoru Jarbas Barbosa bu miqyasda bir fəlakətdən sonra ən böyük risklərin adətən səhiyyə xidmətlərinin dayandırılması, həddindən artıq sıxlıq, təmiz suya çıxış və peyvəndləmə prosesləri ilə bağlı olduğunu diqqətə çatdırıb.
