"Telegram" Hindistanın məhdudiyyət qərarını məhkəməyə verdi
Rusiya mənşəli sosial media platforması Telegram imtahan suallarının sızdırıla biləcəyi əsası ilə Hindistanda tətbiq edilən məhdudiyyət qərarından məhkəməyə şikayət edib.
AFN.az xəbər verir ki, Hindistan mətbuatında çıxan xəbərlərə görə, ölkədə iyunun 21-də keçiriləcək milli tibb imtahanı öncəsi sualların sızdırılma riskini əsas gətirərək Telegram-a qoyulan müvəqqəti qadağadan sonra sosial media platforması yeni addım atıb.
Telegram Yeni Dehli Ali Məhkəməsində qərara etiraz edib. Məhkəmədə bu gün keçirilən ilkin iclasda məsələyə təcili olaraq baxılması qərara alınıb.
Hindistanda may ayında keçirilən, lakin sualların sızdırıldığı iddialarından sonra ləğv edilən və iyunun 21-də yenidən təşkil olunacaq tibb fakültəsinə qəbul imtahanı öncəsi mühüm qərar qəbul edilmişdi. Hindistan rəhbərliyi imtahan suallarının sızdırıla biləcəyi və köçürməyə şərait yaradacağı əsası ilə Telegram-a giriş məhdudiyyəti tətbiq etmişdi.
Birincisi mayın 3-də 5 mindən çox mərkəzdə keçirilən imtahanda 2,28 milyon namizəd iştirak etmişdi. İmtahanın ləğv edilməsinə yol açan sızıntı iddiaları ilə bağlı onlarla şəxs saxlanılmışdı.
Digər tərəfdən, internet istifadəçiləri və insan hüquqları müdafiəçiləri imtahanlardakı korrupsiya ilə bağlı daha böyük problemlərin olduğunu bildirərək, sözügedən addımı müvəqqəti çıxış yolu kimi qiymətləndirmişdilər.

