CNN: ABŞ rəsmiləri İran ilə razılaşma mətnini qəsdən qeyri-müəyyən saxlayıblar
Amerikanın CNN yayım şirkəti ABŞ rəsmilərinin Vaşinqton ilə Tehran arasında əldə olunmuş razılaşma mətnini növbəti mərhələdəki danışıqlar üçün əlverişli zəmin yaratmaq məqsədilə qəsdən qeyri-müəyyən saxladığını iddia edib.
AFN.az xəbər verir ki, CNN-in adını açıqlamadığı ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, memorandum mətni ilk növbədə İranın bunu ölkə ictimaiyyətinə qəbul etdirməsini asanlaşdırmaq üçün son dərəcə dumanlı hazırlanıb.
Rəsmilərdən biri "anlaşmanın dilinə həddindən artıq məna yüklənməməlidir" ifadəsini işlədərək, mətni siyasi sənəd adlandırıb.
O, sözlərinə belə davam edib:
"Sənəddə əsas olaraq sanksiyaları ləğv edəcəyimizi, nüvə sazişi imzalayacağımızı və dondurulmuş vəsaitləri sərbəst buraxacağımızı bildiririk. Lakin sanksiyaları nə zaman ləğv edəcəyimiz prosesdəki irəliləyişdən asılıdır, vəsaitləri isə mexanizmlər barədə razılığa gəldikdən sonra sərbəst buraxacağıq".
Mətni görən bir mənbənin CNN-ə ötürdüyü məlumata görə, memorandum İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı xüsusi öhdəlikləri ehtiva etmir.
Prezident Donald Tramp və digər rəsmilərin bu ehtiyatların ABŞ-nin nəzarəti altında məhv ediləcəyini israrla vurğulamasına baxmayaraq, mənbə sənəddə yalnız İranın "nüvə silahı istehsal etməyəcəyini təsdiqlədiyi" ifadəsinin yer aldığını bildirib.
Buna rəğmən, ABŞ rəsmiləri sənəddə açıq şəkildə qeyd olunmasa da, İranın gizli kanallar vasitəsilə Tramp administrasiyasının tələb etdiyi güzəştlərə gedəcəyini və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) koordinasiyası ilə zənginləşdirilmiş materialların məhvində ABŞ-nin də rol alacağını iddia ediblər.
Memorandumda İranın öhdəliklərinə əməl edəcəyi təqdirdə əldə edəcəyi maliyyə güzəştlərinin daha təfərrüatlı şəkildə əks olunduğunu qeyd edən rəsmilər bu çərçivədə Tehranın gələcəkdə 300 milyard dollarlıq inkişaf fondundan yararlana biləcəyinə diqqət çəkiblər.
Rəsmilər İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması məsələsində isə mətnin daha qeyri-müəyyən qaldığını, aktivlərin növbəti danışıqlar mərhələlərində irəliləyişə uyğun olaraq sərbəst buraxılmasının nəzərdə tutulduğunu, lakin hər hansı bir qrafikin müəyyən edilmədiyini bildiriblər.
Rəsmilərin fikrincə, memorandum mətni sənədin imzalanmasından dərhal sonra İranın neft və neft-kimya məhsullarını sata bilməsinə və ABŞ-nin bu satışlara yönəlmiş sanksiya azadlıqları tanımasına da şərait yaradır.
Digər tərəfdən, İran lideri Müctəba Xameneinin memorandumu dolayısı ilə təsdiqlədiyini irəli sürən rəsmilərə görə, cümə günü başlayacaq və 60 gün davam edəcək danışıqlar ABŞ-yə İranın öhdəliklərinə nə dərəcədə sadiq qalacağını və nüvə sahəsində hansı güzəştlərə hazır olduğunu qiymətləndirmək imkanı verəcək.

