Almaniya və Fransa ortaq qırıcı təyyarə layihəsini ləğv etdi



Almaniya və Fransa liderləri Avropanın ən iddialı müdafiə proqramında yaşanan sənaye rəqabətinə boyun əyərək yeni nəsil qırıcı təyyarə hazırlamaq və inşa etmək üçün başladılan tarixi layihəni ləğv etmək barədə razılığa gəliblər.

AFN.az xəbər verir ki, alman rəsmiləri Almaniya Baş naziri Fridrix Mers və Fransa Prezidenti Emmanuel Makronun ötən həftə Monteneqroda keçirilən Aİ-Qərbi Balkanlar sammiti çərçivəsində problemli layihəni müzakirə etdiklərini və plana daxil olan müdafiə şirkətləri arasındakı aylarla davam edən çıxılmaz vəziyyəti aradan qaldırmaq ümidinin olmadığı qənaətinə gəldiklərini bildiriblər.

Rəsmilər bu xüsusda Mersin Makrona ortaq qırıcı təyyarə inşasını daha çox davam etdirməmək tövsiyəsini verdiyini qeyd ediblər.

Makronun ofisindən verilən açıqlamada iki liderin layihəni ətraflı müzakirə etdiyi, Almaniya və İspaniyanı təmsil edən Avropa aviasiya qrupu "Airbus" ilə Fransanın "Dassault Aviation" şirkəti başda olmaqla, əsas sənaye tərəfdaşlarının razılığa gələ bilməməsindən təəssüf hissi keçirdikləri ifadə edilib.

Avropanın ən böyük müdafiə layihəsinin əsas sütununu dayandırmaq qərarı Qərb hərbi rəsmilərinin Rusiyadan gələn təhdidin artdığı barədə xəbərdarlıq etdiyi və ABŞ-ın Avropaya yenidən silahlanması üçün təzyiqi artırdığı bir dövrə təsadüf edir.

Makron layihəni 2017-ci ildə Almaniyanın keçmiş Baş naziri Angela Merkel ilə birlikdə başlatmış və aylarla müdafiə etmişdi.

Makronun ofisi Fransanın Fransa-Almaniya müdafiə əməkdaşlığını həm hər iki ölkə, həm də Avropalı tərəfdaşlar üçün bir zərurət kimi görməyə davam etdiyini qeyd edib.

Lakin İspaniyanı da əhatə edən 100 milyard avroluq layihədə razılığın əldə oluna bilməməsi onilliklərdir davam edən qeyri-kafi investisiyalardan sonra Avropanın hərbi potensialını yenidən qurmaqda qarşılaşdığı çətinlikləri gözlər önünə sərir.

"IISS" beyin mərkəzinin hərbi aviasiya üzrə baş eksperti Duqlas Barri yaşanan vəziyyətlə bağlı bu hadisənin nə Vaşinqtona, nə də Moskvaya veriləcək ideal bir mesaj olmadığını bildirib.

Pilotsuz uçuş aparatları ilə dəstəklənən və gizli bir "döyüş buludu" ilə bir-birinə bağlanan əsas qırıcı təyyarəyə fokuslanan layihə tərəflərin texniki xüsusiyyətlər və nəzarət mexanizmləri üzərində mübahisə etməsi səbəbindən aylardır qeyri-müəyyən olaraq qalırdı.

Mövzu barədə məlumatlandırılan Avropalı bir mənbə iki tərəfin nüfuzu xilas edəcək bir həll yoluna doğru irəlilədiyini, əsas qırıcı təyyarə xaricindəki yüksək təhlükəsizlikli bağlantılardan ibarət "döyüş buludu" kimi sistemlərin Gələcəyin Döyüş Hava Sistemi (FCAS) adı altında fəaliyyətini davam etdirəcəyini qeyd edib.

FCAS bu növ sistemlər üçün ümumi bir ad olduğundan və bu plana xüsusi bir xarakter daşımadığından, bu kompromis böyük ölçüdə rəmzi məna ifadə edir.

Lakin rəsmilər Makronun bütün layihənin öldüyünü elan etmək məcburiyyətində qalmadan əsas qırıcı təyyarədən imtina etməsini təmin edəcək bir formul axtarırlar.

Makron və Mers "Airbus" ilə "Dassault" arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və layihəni xilas etmək üçün aylarla səy göstərmişdilər.

Şirkətlərdən hələlik bir açıqlama verilməzkən, Almaniyadakı "IG Metall" həmkarlar ittifaqı qərarı məmnuniyyətlə qarşıladıqlarını bildirərək, "Dassault" və "Airbus"ın bərabər şərtlərdə əməkdaşlıq edə bilməyəcəyinin aylardır açıq şəkildə göründüyünü ifadə edib.

"IG Metall"ın vitse-prezidenti Yurgen Kerner etdiyi açıqlamada aviasiya mərkəzi olaraq Almaniyanın və işçi qüvvəsinin maraqlarına xidmət edən bu çətin, lakin zəruri qərara görə Fridrix Mersə təşəkkürünü bildirib.

Hazırlığın növbəti mərhələsinin idarə edilməsi və əqli mülkiyyətə çıxış mövzusundakı müqavilə ixtilafları ilə yanaşı, iki tərəfin təyyarədən gözləntiləri və tələbləri də böyük fərqliliklər nümayiş etdirirdi.

Əsas qırıcı təyyarə layihəsindəki bu uğursuzluq Fransanın 1980-ci illərdə "Eurofighter" layihəsindən çəkilmək qərarını xatırladır və "Dassault" ilə "Airbus" arasında illərdir getdikcə ictimaiyyətə yansıyan müzakirələrin bir davamı xarakterini daşıyır.

İngiltərə mərkəzli müdafiə analitiki Frensis Tusa layihənin fransızca abbreviaturasına istinad edərək, SCAF-ın üç ildir süni nəfəs aparatına bağlı olduğunu bildirib.

Baş nazir Mers isə insan idarə edən altıncı nəsil qırıcı təyyarə hazırlamağın öz ölkəsinin hərbi hava qüvvələri üçün hələ də məntiqli olub-olmadığını açıq şəkildə sorğulamış, Almaniyanın bir təyyarə gəmisinə enə biləcək nüvə potensiallı bir təyyarəyə ehtiyacı olmadığını bəyan etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu