ABŞ BYD və "Alibaba"nı qara siyahıya əlavə etdi



Vaşinqton aralarında avtomobil istehsalçısı BYD və e-ticarət şirkəti "Alibaba"nın da olduğu onlarla Çin mənşəli firmanı "Çin ordusu ilə əlaqəli" elan edərək milli təhlükəsizlik riski siyahısına daxil edib.

AFN.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları ilə Çin arasındakı iqtisadi və texnoloji rəqabət yeni bir mərhələyə qədəm qoyub.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) milli təhlükəsizliyə təhdid yaratdığı əsası ilə hazırladığı qara siyahını yeniləyərək 188 Çin şirkətini "hərbi tərəfdaş" elan edib.

"Bölüm 1260H" kimi tanınan bu siyahıya son əlavə olunanlar arasında ötən günlərdə "Tesla"nı geridə qoyaraq dünyanın ən çox elektrikli avtomobil satan istehsalçısı olan BYD ilə texnologiya və e-ticarət nəhəngi "Alibaba" kimi qlobal brendlər yer alır və bu addım iki ölkə arasındakı iqtisadi gərginliyi ən yüksək səviyyəyə çatdırmaq riski daşıyır.

Pentaqon tərəfindən dərc olunan bu siyahı Amerika şirkətlərinə və qurumlarına sözügedən Çin firmaları ilə iş görməyin gətirəcəyi risklər barədə xəbərdarlıq etmək məqsədi daşıyır.

Siyahıya salınmaq hazırda birbaşa və dərhal tətbiq edilən iqtisadi sanksiya mənasına gəlməsə də, qlobal bazarda bu firmaların nüfuzuna və ticari əlaqələrinə ağır zərbə vurur.

Siyahıdakı şirkətlərin bir çoxu süni intellektdən tutmuş elektrikli avtomobillərə qədər bir çox kritik sektorda birbaşa Amerika firmaları ilə rəqabət aparır.

Ekspertlər Vaşinqtonun bu addımının arxasında dəqiq hərbi müqavilələrdən ziyadə, bu şirkətlərin Çinin dövlət tərəfindən dəstəklənən mülki-hərbi inteqrasiya proqramlarında yer almasının dayandığını bildirirlər.

Siyahının açıqlanmasından sonra Çin firmalarından çox kəskin reaksiyalar gecikməyib.

"Alibaba" rəsmiləri şirkətlərinin heç bir şəkildə Çin ordusu və ya hərbi strategiya ilə əlaqəsinin olmadığını müdafiə edərək, bu əsassız qərara qarşı bütün hüquqi yollara əl atacaqlarını elan ediblər.

Siyahıya əlavə edilən digər texnologiya firması "Baidu" isə qərarın heç bir inandırıcı əsası olmadığını və adlarını siyahıdan sildirmək üçün hər bir variantı dəyərləndirəcəklərini açıqlayıb.

Siyahıda həmçinin elektrikli avtomobil istehsalçısı "Nio" və təyyarə istehsalçısı "Comac" kimi şirkətlərlə yanaşı, keçmişdə əlavə edilən "Huawei", "Tencent""DJI" kimi brendlər də yer almağa davam edir.

Çinin Vaşinqtondakı Səfirliyi ABŞ-ın bu qərarını ayrı-seçkilik kimi qiymətləndirərək Çin firmalarının fəaliyyət göstərdikləri ölkələrin qanunlarına tam əməl etdiyini müdafiə edib.

Siyasi analitiklər isə Pekin rəhbərliyinin bu addımı bir növ iqtisadi mühasirə kimi görəcəyini vurğulayırlar.

Çinin bu addıma qarşılıq olaraq bənzər bir cavab siyahısı hazırlaya biləcəyi, Amerika şirkətlərinə qarşı eyni xarakterli sanksiyalar tətbiq edə biləcəyi və ya diplomatik arenada kəskin cavab tədbirləri prosesinə başlaya biləcəyi proqnozlaşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu