Xamenei: Düşmən hibrid müharibəyə yönəlib
İran lideri Ayətullah Müctəba Xamenei ABŞ və İsrailin döyüş meydanında aldıqları məğlubiyyətdən sonra xalqın müqavimətini zəiflətməyi hədəfləyən əhatəli bir hibrid müharibəyə yönəldiyini ifadə edib.
AFN.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın yaydığı məlumata görə, Xamenei İran inqilabının qurucusu Ayətullah Ruhullah Xomeininin vəfatının 37-ci ildönümü münasibətilə yazılı ismarış yayımlayıb.
Xamenei ABŞ-nin rəhbərlik etdiyi hegemon sistemin İranın daxili işlərini hədəf alan yeni bir strategiyaya keçdiyi barədə xəbərdarlıq edib.
O bildirib ki, təxminən səksən il əvvəl İsrail adında bir qarnizon quran zalım rejim sözdə Böyük İsrailin Fəratın şərqindəki boş və saxta coğrafiyasının şərq sərhədində müstəqil bir İranın varlığını qəbul etmir və onun tərəqqisinə mane olacaq hər cür tədbiri görməkdən çəkinmir.
ABŞ və İsrailin döyüş meydanında dərin bir rüsvayçılıq və ard-arda məğlubiyyətlər yaşadıqdan sonra hərtərəfli bir hibrid müharibəyə əl atdığını qeyd edən Xamenei sözügedən hibrid müharibənin cəmiyyətin müxtəlif təbəqələri arasında şübhə, ümidsizlik və parçalanma toxumları səpməyə əsaslanan üsullarla aparıldığını diqqətə çatdırıb.
İran lideri düşmənin strateji hədəfinin xalq ilə ölkə rəhbərliyi arasındakı qarşılıqlı etibarı zəiflətmək olduğunu bildirib.
O, vətəndaşlar ilə dövlət qurumları arasındakı etimadın və milli birliyin qorunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
