Aİ Livan ordusuna 100 milyon avro ayıracaq
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İsraillə Livan arasında əldə olunmuş son atəşkəs razılaşmasının tammiqyaslı hərbi əməliyyatların bərpasının qarşısını almaq üçün bir şans olduğunu, lakin vəziyyətin hələ də son dərəcə kövrək qaldığını bildirib.
AFN.az xəbər verir ki, K.Kallas "X" sosial şəbəkəsindəki rəsmi hesabında etdiyi paylaşımda regional təhlükəsizlik məsələlərinə toxunub. Aİ rəsmisi qeyd edib ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlısının həlak olması və davam edən lokal toqquşmalar əldə olunmuş razılaşmaların qeyri-sabitliyini və eskalasiya riskini artırır.
Kallasın fikrincə, "Hizbullah" tərəfindən gələn uzunmüddətli təhlükənin azaldılması yalnız Livan dövlətinin və onun institutlarının gücləndirilməsi ilə mümkündür. Bu məqsədlə Aİ Livan Silahlı Qüvvələrinin ölkənin cənubunda yerləşdirilməsini dəstəkləmək üçün 100 milyon avro vəsait ayıracaq.
