Rubio: İranla sazişin ilkin layihəsi üzərində güclü bir uyğunluq var
ABŞ Dövlət Katibi Marko Rubio İranla sazişin ilkin layihəsi üzərində güclü bir uyğunluq və razılığın əldə olunduğunu bildirərək, "Ya yaxşı bir saziş olacaq, ya da heç bir saziş olmayacaq" deyib.
AFN.az xəbər verir ki, "Quad" ölkələrinin Xarici İşlər Nazirləri toplantısı çərçivəsində Hindistanda səfərdə olan Rubio jurnalistlərə müsahibəsində İran gündəmini dəyərləndirib.
Rubio boğazların maneəsiz və hər hansı bir keçid haqqı ödənilmədən istifadəyə açıq olmalı olduğunu və bunun saziş imzalanan kimi dərhal qüvvəyə minməsinin vacibliyini ifadə edib.
Mövqelərinin tamamilə aydın olduğunu və ABŞ Prezidenti Donald Trampın bir neçə gün əvvəl bölgədəki bəzi liderlərlə tarixi bir görüş keçirdiyini xatırladan Rubio ilkin layihənin necə olması ilə bağlı güclü bir ortaq məxrəcin mövcudluğunu diqqətə çatdırıb.
Mətndəki fikir ayrılıqlarının həllinin bir neçə gün çəkə biləcəyini qeyd edən dövlət katibi bu məsələləri tək-tək nəzərdən keçirməli olduqlarını və sonda mütləq şəkildə yaxşı bir sazişin imzalanacağını, əks halda isə heç bir sənədin qəbul edilməyəcəyini vurğulayıb.
Nazir Rubio regional əməkdaşlıq formatı olan "Quad" toplantısındakı çıxışı zamanı isə üzv ölkələr arasında məlumat mübadiləsini gücləndirmək məqsədilə "Hind-Sakit Okean Dəniz Müşahidə Əməkdaşlıq Təşəbbüsü"nü başlatdıqlarını elan edib.
Qeyd edək ki, ABŞ, Avstraliya, Hindistan və Yaponiya arasında 2007-ci ildə yaradılan və rəsmi olaraq Dördtərəfli Təhlükəsizlik Dialoqu adlanan bu platforma Çinə qarşı qeyri-rəsmi strateji forum kimi fəaliyyət göstərir və 2017-ci ildən bəri müntəzəm görüşlər vasitəsilə qarşılıqlı informasiya mübadiləsini təmin edən dördlü ittifaqa çevrilib.
