Alberta əyaləti Kanadadan ayrılır?



Kanadanın neftlə zəngin əyaləti Alberta oktyabr ayında keçiriləcək referendumla ölkənin son onilliklərdəki ən ciddi birlik imtahanını başladır.

AFN.az xəbər verir ki, Alberta Baş naziri Danielle Smit əyalətin Kanadada qalıb-qalmaması və ya müstəqillik üçün məcburi xarakter daşıyan ikinci bir səsverməyə gedilməsini özündə ehtiva edən sualın referenduma daxil ediləcəyini açıqlayıb.

Cümə axşamı televiziyada xalqa müraciət edən Baş nazir Smit son dövrdə müstəqillik tərəfdarı və əleyhdarı olan ərizələrin ümumilikdə təxminən 700 min imzaya çatdığını bildirərək, bu tələbin məhkəmə qərarları ilə susdurulmasına icazə verməyəcəyini ifadə edib.

Albertada 19 oktyabrda keçirilməsi planlaşdırılan referendumda xalqa belə bir sual veriləcək: “Alberta Kanadanın bir əyaləti olaraq qalmalıdırmı, yoxsa Alberta Hökuməti Albertanın Kanadadan ayrılıb-ayrılmaması mövzusunda məcburi bir əyalət referendumu təşkil etmək üçün Kanada Konstitusiyasına uyğun olaraq lazımi hüquqi prosesi başlatmalıdırmı?”

Baş nazir Smit özünün və hökumətinin Albertanın Kanadanın bir parçası olaraq qalmasının tərəfdarı olduğunu açıq şəkildə bildirib.

Lakin o, əyalətdəki bir hakimin yerli “İlk Millətlər” qruplarına məsləhətləşilmədiyi səbəbilə müstəqillik referendumu tələb edən xalq ərizəsini ləğv etməsinə sərt reaksiya verib.

Smit tək bir hakimin səhvi səbəbilə yüz minlərlə Albertalının səsinin kəsilə bilməyəcəyini və əyalətin gələcəyinə məhkəmələrin deyil, xalqın qərar verəcəyini vurğulayıb.

Kanada Baş naziri Mark Karni əyalətin ayrılma istiqamətindəki hər hansı bir təşəbbüsünün 1995-ci il Kvebek referendumundan sonra qüvvəyə minən “Aydınlıq Qanunu” qaydalarına uyğun olması lazım olduğunu xatırladıb.

Bu qanuna görə, gələcəkdə keçiriləcək məcburi bir müstəqillik referendumunda seçicilərin aydın bir çoxluğunun təsdiqi və sualın dilinin federal məclis nəzarətindən keçəcək qədər aydın olması lazımdır.

Bu şərtlər təmin edilsə belə Albertanı federal hökumətlə uzun və çətin ayrılıq danışıqları gözləyir.

Qərb əyaləti Albertada federal hökumətə qarşı narazılıq uzun müddətdir ki, təbii sərvətlərin idarə edilməsi və iqlim qanunları səbəbilə dərinləşir.

Bir çox albertalı zəngin qaynaqları ilə ölkəyə aldıqlarından daha çox töhfə verdiklərini müdafiə edir.

Baş nazir Karni federal gücün Ottavada mərkəzləşməsini tənqid edən Smit hökuməti ilə razılıq əldə etmək naminə Sakit okean sahillərinə uzanacaq bir neft kəməri inşasını da əhatə edən iqlim və enerji sazişinə imza atmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu