Aİ Çinlə ticarətdə yeni məhdudiyyətlər planlaşdırır
Avropa İttifaqı (Aİ) Çindən olan iqtisadi asılılığını azaltmaq məqsədilə avropalı şirkətlərin kritik hissələri ən azı 3 fərqli tədarükçüdən təmin etməsini məcburi edəcək yeni qaydalar hazırlayır.
AFN.az xəbər verir ki, "Politico" saytında yer alan xəbərə görə, Aİ Komissiyası müvafiq qurumlarına Çinə qarşı daha iddialı və effektiv bir ticarət müdafiə siyasəti formalaşdırmaq barədə tapşırıq verib. Bu çərçivədə Aİ Çindən asılılığı minimuma endirmək və yerli sənayesini ucuz idxal təzyiqindən qorumaq üçün yeni məhdudiyyətlər üzərində işləyir.
Nəzərdən keçirilən variantlar arasında daxili bazarı qorumaq məqsədilə idxal olunan məhsullara qarşı qoruyucu tədbirlər araşdırması tətbiq ediləcək yeni sektorların müəyyənləşdirilməsi də var. Aİ bundan əvvəl polad və dəmir sektorlarında analoji addımlar atmışdı. Bu araşdırmalarda idxalın yerli sənayeyə zərər vurub-vurmadığı müəyyən edilərək tarif və kvotaların tətbiqi gündəmə gələcək.
Plan çərçivəsində həmçinin dövlət dəstəkli şirkətlərin strateji sektorlarda həddindən artıq istehsal həyata keçirərək rəqabəti pozmasının qarşısını almaq üçün izafi güc aləti adlanan yeni bir mexanizm hazırlanacaq. Lakin bu növ mexanizmin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına zidd ola biləcəyi və tək bir ölkəyə qarşı ayrı-seçkiliyi qadağan edən nizamnamələrlə ziddiyyət təşkil edəcəyi qeyd olunur.
Digər tərəfdən, "Financial Times" qəzetinin yaydığı məlumata görə, Aİ Çindən asılılığı azaltmaq məqsədilə Avropa şirkətlərini kritik hissələri ən azı 3 müxtəlif tədarükçüdən almağa məcbur edəcək planlar hazırlayır. Çinin kritik texnologiyalara yönəlmiş ixrac məhdudiyyətlərinə cavab olaraq hazırlanan qaydaların xüsusilə kimya və sənaye maşınları istehsalçılarını hədəf alacağı gözlənilir.
Bu çərçivədə şirkətlərin tək bir tədarükçüdən ala biləcəyi məhsul miqdarına 30 faiz ilə 40 faiz arasında yuxarı hədd qoyulması nəzərdə tutulur.
Sözügedən planlar ilk olaraq 29 mayda Aİ Komissiyasının üzvləri arasında keçiriləcək daxili iclasda, daha sonra isə 18 iyunda Brüsseldə təşkil olunacaq Aİ Liderlər Sammitində müzakirə ediləcək.
Aİ Rusiya-Ukrayna müharibəsindən sonra enerji sahəsində yaşadığı asılılıq böhranının bənzərini Çin ilə sənaye və kritik xammal sahələrində yaşamaqdan ehtiyat edir. Son dövrlərdə Çinin nadir torpaq elementləri, maqnitlər və bəzi strateji məhsullarda ixrac məhdudiyyətlərinə əl atması Avropa sənayesində ciddi tədarük narahatlığına səbəb olub.
Brüssel dövlət tərəfindən subsidiyalaşdırılan ucuz Çin məhsullarının xüsusilə polad, avtomobil, kimya və təmiz texnologiya sektorlarında Avropa istehsalçıları üzərində təzyiq yaratdığı qənaətindədir.
Bu arada, Aİ-nin Çin ilə ticarət kəsiri 2025-ci ildə təxminən 360 milyard avroya yüksəldiyi halda, bir çox Avropa sənaye sektorunda istehsal itkisi və iş yerlərinin ixtisarı müşahidə olunur.

