Bir çox ölkələr Çindən gələnlərə Covid-19 məhdudiyyətləri tətbiq etməyə başladı
Çin 8 yanvar 2023-cü ildə sərhədlərini yenidən açmağa hazırlaşarkən bir çox dövlətlər Çində Covid-19 hadisələrinin artması səbəbindən bu ölkədən gələn səyahətçilər üçün sınaq və karantin tələbləri tətbiq edib.
AFN.az İHA-ya istinadən xəbər verir ki, Çində noyabr ayında baş verən ümummilli etirazlardan sonra 2020-ci ilin əvvəlindən həyata keçirilən “Sıfır Covid” strategiyası qapandıqdan sonra yoluxmalarda partlayış baş verib. Bu səbəbdən də İtaliya, Yaponiya, Malayziya, Tayvan və Hindistan da daxil olmaqla bir çox ölkə Çindən gələn şəxslərə testlər və müxtəlif məhdudiyyətlər tətbiq edib. İtaliya Çindən gələn bütün sərnişinlərə məcburi Covid-19 testinin tətbiq ediləcəyini bildirib. Ölkənin səhiyyə naziri Orazio Schillaci bunun virusun hər hansı yeni variantının "nəzarətini və identifikasiyasını təmin etmək" və "İtaliya əhalisini qorumaq" üçün zəruri olduğunu söyləyib.
Cümə günündən etibarən Yaponiya da Çindən gələn bütün sərnişinlərin və 7 gün ərzində Çinə səfər edənlərin sınaqdan keçiriləcəyini, testi pozitiv çıxanlarda simptomlar varsa 7 gün və asemptomatik olduqları təqdirdə 5 gün karantinə alınacağını açıqladı. Yaponiya həmçinin Çinə və Çindən olan uçuşların sayını azaldacaq.
Tayvan yanvarın 1-dən 31-dək Çindən hava və ya dəniz yolu ilə gələn sərnişinlər üçün testi məcburi edib və müsbət nəticə verənlərin evdə təcrid oluna biləcəyi bildirilib. Malayziya isə Çindən gələn səyahətçilər üçün əlavə monitorinq və müşahidə tədbirləri həyata keçirib.
ABŞ Çindən gələn sərnişinlərə qarşı tədbirlər görməyi nəzərdən keçirdiyini bəyan edib. Böyük Britaniya və Almaniya isə vəziyyəti diqqətlə izlədiklərini, lakin Çindən gələn sərnişinlərə yeni məhdudiyyətlər qoymağı planlaşdırmadıqlarını bildiriblər.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin açıqlamasında Qərb ölkələrini və medianı Çindəki vəziyyəti “şişirtməkdə” və “Çinin Covid-19 siyasətini saxtalaşdırmaqda” günahlandırıb. Çinin bütün ölkələrin Covid-19 siyasətlərinin "elmə əsaslanan və mütənasib" olması lazım olduğuna diqqət çəkən Vang, Covid-19 siyasətlərinin ticarətə təsir etməməli olduğuna inandığını və sərhədlərarası səyahətləri təmin etmək, sabitliyi qorumaq üçün birgə səylər göstərməli olduqlarını söyləyib.