Koronavirusun tüğyan etdiyi ölkələr hansı addımları atır? - SİYAHI




Çinin Uhan bazarında yaranan və bu yolla dünyaya yayılan yeni növ koronavirus infeksiyasına bu günə qədər 8,408,203 insan yoluxub ki, onların 451,463-ü həyatını itirib, 4,418,030 nəfər isə sağalmağı bacarıb.



BAKU.WS xəbər verir ki, COVID-19 virusu yayılarkən ilkin mərhələdə Çin, İran və bəzi Avropa ölkələri bundan əziyyət çəkirdi.

Daha sonra ölkələrin sərt karantin rejimi tətbiq etməsi yoluxmanın qarşısını almağa yardım etdi. Çindən dünyaya yayılan infeksiya, demək olar ki, ölkə ərazisində minimuma endirildi.

Həmçinin İran ölkənin əsas ziyarətgahları və məscidləri, o cümlədən ticarət mərkəzlərini bağlamaqla virusun yayılmasının qarşısını aldı. Bunun nəticəsi olaraq aprelin ortalarından İranda karantin rejimi yumşalmağa, ticarət mərkəzləri, məktəblər və digər əhalinin sıx olduğu bazarlar yenidən açılmağa başladı.

Mayın 4-dən bir çox Avropa ölkəsi koronavirusla mübarizə üçün tətbiq olunan bəzi məhdudiyyətləri yüngülləşdirib. Avropa bu tarixdən etibarən tədricən normal həyata qayıdıb. Avropa ölkələri ictimai və iş həyatını iflic edən məhdudiyyətləri aradan qaldırsa da, insanlar üçün maska və tibbi ehtiyat tədbirlərinin görülməsini vacib sayıb.

Koronavirus infeksiyasının yayılmasının ilk günlərində Avropada ən çox yoluxma İtaliya, İspaniya, Fransa və Almaniyada qeydə alınırdı. Ölkələr həmin müddət ərzində əksər şəhər və bölgələrdə sərt karantin rejimləri tətbiq etməklə yoluxmaya müdaxilə etmiş oldu. Almaniyada mayın 4-dən yüz minlərlə şagird yenidən məktəbə qayıtdı. Bu günə qədər tam tədris yalnız gələn il buraxılış imtahanı verməli olan siniflərdə və ibtidai məktəblərin son siniflərində davam etdirilir.

Avropa Birliyinə üzv və digər ölkələrdən olan vətəndaşlar iyunun 15-dən etibarən Fransa ərazisinə daxil ola bilirlər. Ölkənin Xarici İşlər Nazirliyinin saytına məlumat yerləşdirilib ki, Aİ ölkələri, o cümlədən Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, İsveçrə və Vatikandan olan vətəndaşlar üçün məhdudiyyətlər aradan qaldırılıb.

İspaniyanın bir sıra bölgələrində karantinin yumşaldılması çərçivəsində gecə klubu və barları da yenidən açılıb. Amma orada rəqs etməyə icazə verilmir. İyunun 8-dən ölkənin böyük bir hissəsində koronavirus pandemiyası səbəbindən tətbiq edilmiş karantinin son yumşalma mərhələsi başlayıb. Eyni zamanda bu ölkədə karantin yumşaldılmasının son mərhələsində ənənəvi öküz şoularını bərpa etmək də nəzərdə tutulur, amma regionların çoxunda axırdan əvvəlki yumşalma mərhələsinə hələ təzə başlanıb.

İyunun 5-də Madrid və Barselonada bar və restoranlarda tək verandada deyil, həmçinin bu müəssisələrin daxilində də yemək yeməyə icazə verilib. Üstəlik, uşaqlar da artıq günün istənilən vaxtı evdən çıxa bilirlər.

İyunun 3-dən etibarən Avropa İttifaqına (Aİ) üzv 26 ölkədən, həmçinin İslandiya, Norveç, İsveçrə, Böyük Britaniya, Andorra, Monako, San Marino və Vatikandan gələn turistlərin İtaliyaya girişi ilə bağlı qadağalar ləğv olunub. İtaliyanın üç böyük şəhəri – Milan, Roma və Neapola beynəlxalq uçuşlar bərpa edilib.

Qeyd edək ki, virusun ilk yayıldığı günlərdə yoluxma sayı çox olan ölkələr və hazırda həmin statistikaya başçılıq edən ölkələrdə koronavirusa yenidən yoluxma halları artıb. Azərbaycanın qonşu ölkələri Türkiyə, İran və Rusiyada da son günlər COVID-19 virusuna yoluxma halları yenidən artmağa başlayıb. Bu səbəbdən bu ölkələrin bəzi məhdudiyyətləri yenidən tətbiq etmək məsələsi gündəmə gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu