Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
Yaponiyanın Hokkaydo prefekturasının Cənubi Tokati bölgəsində 6,2 bal gücündə zəlzələnin qeydə alındığı bildirilib.
AFN.az xəbər verir ki, yeraltı təkanlardan sonra sunami təhlükəsinin yaranmadığı qeyd edilib.
Yaponiya Meteorologiya Agentliyindən (JMA) əldə edilən məlumatlara görə, zəlzələ yerli vaxtla saat 05:23-də, yerin 80 kilometr dərinliyində baş verib.
Hokkaydo ilə yanaşı, Aomori və İvate prefekturalarında da güclü hiss olunan sarsıntıdan sonra sunami riskinin olmadığı açıqlanıb.
Hokkaydo Elektrik Enerjisi Şirkəti "Tomari" atom elektrik stansiyasında hər hansı bir anormallığın müşahidə edilmədiyini açıqlayıb.
Dəmir yolu operatoru "JR Hokkaido" isə bəzi yerli qatar reyslərin müvəqqəti dayandırıldığını, lakin "Hokkaido Shinkansen" sürət qatarlarının hərəkətinin normal qaydada davam etdiyini bildirib.
Ötən həftə Yaponiyanın Sanriku sahillərində 7,7 bal gücündə zəlzələ baş vermiş, nəticədə İvate və Hokkaydonun bəzi hissələri üçün sunami xəbərdarlığı edilmişdi.
Həmin vaxt bəzi bölgələrdə hündürlüyü 10-80 santimetr arasında dəyişən sunami dalğaları müşahidə olunmuşdu.
Rəsmilər bir həftə ərzində daha şiddətli meqa zəlzələnin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdilər.

