Tramp Macarıstandakı seçkilər öncəsi Orbana dəstəyini yenidən ifadə edib



ABŞ Prezidenti Donald Tramp Macarıstanda keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Viktor Orbana dəstək verərək seçiciləri onu yenidən seçməyə çağırıb.

AFN.az xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda Macarıstan xalqını sandıq başına gedərək Viktor Orbana səs verməyə səsləyib.

O, Orbanı əsl dost, mübariz və qalib kimi xarakterizə edərək, onun Baş nazir vəzifəsinə yenidən seçilməsini tam və güclü şəkildə dəstəklədiyini bildirib. Orbanı güclü lider adlandıran Tramp 2022-ci il seçkilərində də ona dəstək verdiyini xatırladıb.

Tramp həmçinin ABŞ ilə Macarıstan arasındakı münasibətlərin əhəmiyyətli dərəcədə inkişaf etdiyini və Orbanla əməkdaşlığı davam etdirmək niyyətində olduğunu vurğulayıb. Qeyd edək ki, aprelin 7-də ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens də Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan mitinqdə iştirak edərək xalqı Orbanı dəstəkləməyə çağırmışdı.

2010-cu ildən bəri hakimiyyətdə olan Baş nazir Orban aprelin 12-də keçiriləcək seçkilərdə rəy sorğularına görə son 16 ilin ən çətin siyasi mübarizəsinə hazırlaşır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu