IATA-dan xəbərdarlıq: Reaktiv yanacaq bazarının normallaşması aylar çəkəcək



Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) İran və ABŞ arasındakı müvəqqəti atəşkəs çərçivəsində Hörmüz boğazının yenidən açılacağı təqdirdə belə, reaktiv yanacaq tədarükünün normallaşmasının aylar çəkəcəyini bəyan edib.

AFN.az xəbər verir ki, IATA-nın baş direktoru Villi Volş Sinqapurda keçirdiyi mətbuat konfransında ABŞ-İran atəşkəsinin aviasiya sektoruna təsirlərini qiymətləndirib.

Atəşkəs nəticəsində xam neftin qiymətlərinin düşəcəyini gözlədiyini, lakin neft emalı zavodlarına dəyən təsirlər səbəbindən reaktiv yanacaq xərclərinin bir müddət nisbətən yüksək qalacağını bildirən Volş: "Hörmüz boğazı yenidən açılsa belə, Yaxın Şərqdəki emal güclərində yaranan fasilələr səbəbindən tədarükün lazımi səviyyəyə qayıtması bir neçə ay vaxt aparacaq", - deyə vurğulayıb. Volş Hörmüz boğazının daimi olaraq açılmasının neft və reaktiv yanacaq da daxil olmaqla emal olunmuş məhsullar baxımından çox müsbət addım olacağını ifadə edib.

Qeyd edək ki, Avropanın reaktiv yanacağa olan tələbatının təxminən 30 faizi Fars körfəzi vasitəsilə qarşılanırdı. Tədarükdə yaranan fasilələrə görə Avropa ölkələrində reaktiv yanacağın qiyməti müharibədən əvvəlki dövrlə müqayisədə 100 faiz artaraq rekord həddə çatmışdı. İtaliyadakı bəzi hava limanlarında yanacaq istifadəsinə məhdudiyyətlər qoyulmuş, bəzi aviaşirkətlər isə müharibənin davam edəcəyi təqdirdə Avropa miqyasında yay mövsümü uçuşlarının risk altında olacağı barədə xəbərdarlıq etmişdilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu