BƏƏ: İrandan gələn raket hücumlarını dəf etdik
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi İrandan gələn raket və pilotsuz uçuş aparatı (PUA) təhdidlərinə qarşı hava hücumundan müdafiə sistemlərinin müdaxilə etdiyini bildirib.
AFN.az xəbər verir ki, nazirlikdən verilən rəsmi bəyanatda ölkənin müxtəlif bölgələrində eşidilən səslərin ballistik raketlərə qarşı müdafiə sistemlərinin, PUA və qanadlı raketlərə qarşı isə qırıcı təyyarələrin müdaxiləsindən qaynaqlandığı qeyd edilib.
İran İnqilab Keşikçiləri Korpusu ölkədə Müctəba Xameneyinin yeni rəhbər seçilməsi ilə eyni vaxtda İsrail və ABŞ bazalarına raket hücumları təşkil etdiyini elan etmişdi. Bu açıqlamanın ardınca Qətər, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və İraqdan raket və PUA hücumları ilə bağlı xəbərlər gəlməyə başlayıb.
İran Prezidenti Məsud Pezeşkian isə yeni lider seçilməzdən əvvəl qonşu ölkələrə qarşı raket atılmaması barədə qərarın olduğunu bildirsə də, gecə boyunca Körfəz xətti həm yeni hücumlar, həm də təhdidlərin dəf edilməsi ilə gərgin saatlar yaşayıb.
