Yaponiya öz vətəndaşlarını İsraildən təxliyə etməyi planlaşdırır
Yaponiya hökuməti martın 2-si axşam saatlarından etibarən öz vətəndaşlarının İsraildən quru yolları vasitəsilə təxliyəsinə başlamağı planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Bildirilir ki, Nazirlər Kabineti hazırda bu planın icrası imkanlarını nəzərdən keçirir. Təxliyə planı yalnız könüllü olaraq ölkəni tərk etmək istəyən şəxslərə şamil edilir.
Yaponiyanın xarici işlər naziri Tosimitsu Moiteqi daha əvvəl bildirmişdi ki, hazırda İranda təxminən 200, regionun digər ölkələrində isə ümumilikdə 7,7 minə yaxın Yaponiya vətəndaşı var. Qeyd edək ki, Yaponiyanın ən böyük enerji şirkəti və dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (MTQ) idxalçısı olan "JERA" artıq regiondakı əməkdaşlarının və onların ailə üzvlərinin təxliyəsinə başlayıb.
