Avropa üçün "ağılasığmaz" senari: ABŞ-sız NATO variantı gündəmdə
Avropa liderləri rəsmi Vaşinqtonla Qrenlandiya ətrafında yaranmış gərginlik fonunda ABŞ-ın NATO-dan çıxması kimi əvvəllər "ağılasığmaz" hesab olunan ehtimalı ciddi şəkildə nəzərdən keçirməyə başlayıblar.
AFN.az "Financial Times" (FT) nəşrinə istinadən xəbər verir ki, onilliklər boyu ABŞ-ın hərbi zəmanətinə arxalanan Alyans daxilində qarşılıqlı etimad artıq ciddi şəkildə sarsılıb.
Nəşrin təhlilinə görə, NATO-nun təməl prinsipi olan qarşılıqlı müdafiə öhdəliyi Donald Trampın Alyansın faydalılığını şübhə altına alan bəyanatları ilə zərbə alıb. ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalder bildirib ki, Trampın Danimarka tərkibindəki Qrenlandiyanı "ələ keçirmək" təhdidləri qurumun 77 illik tarixində ən dərin böhrana yol açıb. Londonun Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun (RUSI) rəhbəri Reyçel Ellehus isə vurğulayır ki, transatlantik münasibətlərdə artıq qeyri-müəyyənlik dövrü başlayıb və Vaşinqtonun etibarlılığına kölgə düşüb.
Yaranmış vəziyyət fonunda Avropa rəsmiləri qitənin müstəqil təhlükəsizlik arxitekturasını qurmağa çağırırlar. Aİ-nin müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus vurğulayıb ki, Avropa ABŞ-ın hərbi imkanlarını əvəz edə biləcək "maddi müdafiə hazırlığı" strategiyasına malik olmalıdır: "Biz NATO-nun 'Avropa sütunu'nu formalaşdırmalı və institusional müdafiə qabiliyyətimizi artırmalıyıq. İndi bunun üçün ən uyğun zamandır".


