NATO AB müdafiəsini təmin etmək üçün ən vacib platformadır - alyans nümayəndəsi
NATO AB müdafiəsini təmin etmək üçün ən vacib platformadır və bu kontekstdə ayrı-ayrı Avropa təşəbbüsləri və ittifaqları vahid sistemin parçalanması riskini daşıyır.
AFN.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin NATO-dakı daimi nümayəndəsi, səfir Basat Öztürk bildirib.
Öztürkün sözlərinə görə, NATO Avropa təhlükəsizliyini təmin edən ən mühüm alət, platforma və alyansdır. O vurğulayıb ki, alyansa həm Aİ-yə üzv olan, həm də Şimali Amerika ölkələri daxildir və bu birlik qitənin müdafiəsi üçün həlledici əhəmiyyət daşıyır.
Səfir qeyd edib ki, Avropa müdafiə təşəbbüsləri “alyans daxilində alyans” yaratmaq təhlükəsi yaradır: “Avropanın əhalisi 500 milyon nəfərdir, NATO ölkələrinin ümumi əhalisi isə 1 milyarddır. Ayrı bir Avropa müdafiə ittifaqı yaratmağın mənası yoxdur”.
Basat Öztürkün sözlərinə görə, Aİ müdafiə sahəsində öz standartlarını formalaşdırmağa başlasa, əməliyyat uyğunluğu tamamilə itəcək. “Əməliyyat uyğunluğu NATO-nun əsas prinsipidir və alyansın xüsusi qurumları bu standartları hazırlayır. Artıq Aİ-də NATO layihələrinin təkrarlanması müşahidə olunur ki, bu da resursların, vəsaitin və enerjinin boşa sərf edilməsinə gətirir” - deyə səfir qeyd edib.
Öztürk həmçinin 1949-cu il Şimali Atlantika Müqaviləsinin əhəmiyyətini vurğulayıb və bildirib ki, Aİ-nin müqavilələri və sazişləri olsa da, onlar təhlükəsizlik və müdafiə sahəsində effektiv ola bilməz: "Aİ ayrı-ayrı üzv ölkələrin deyil, ümumi maraqların müdafiəsinə fokuslanmalıdır. Birləşmiş, azad və sülh içində bir Avropa ideyası yalnız bütün müttəfiqlərin vahid platformada, vahid təşkilat çərçivəsində birləşməsi ilə həyata keçə bilər”.



