ABŞ-də qar fırtınası 770 min nəfəri işıqsız qoydu


ABŞ-ni təsiri altına alan qar fırtınası və şaxtalı hava səbəbindən 10 mindən çox reys ləğv edilib, təxminən 770 min nəfər isə işıqsız qalıb.

Ölkədə güclü qar və sərt soyuqlar davam edir.

Texas, Nyu-York, Nyu-Cersi və Vaşinqton D.C. daxil olmaqla ölkənin mərkəzi və şimal-şərq ştatlarında başlayan qar fırtınası və dondurucu temperatur gündəlik həyatı ciddi şəkildə çətinləşdirib.

Uçuşları izləyən FlightAware saytının məlumatına görə, bu gün ölkə üzrə 10 mindən çox reys ləğv olunub, 8 mindən artıq uçuş isə təxirə salınıb.

Elektrik kəsintilərini izləyən PowerOutage platformasının məlumatına əsasən, sərt qış şəraitinin hökm sürdüyü ştatlarda təxminən 770 min nəfər işıqsız qalıb. Onların 260 minə yaxını Tennessi, 140 minə yaxını Texas, 125 minə yaxını isə Missisipi ştatında qeydə alınıb.

Paytaxt Vaşinqton D.C.-də 10 santimetr, Nyu-York və Nyu-Cersi ştatlarında isə 30 santimetrədək qar yağacağı gözlənilir. Nyu-York meri Zohran Mamdani sabah şəhərdə məktəblərin bağlanacağını açıqlayıb.

ABŞ Milli Hava Xidməti ölkə üzrə 190 milyon insanın cənub ştatlarında təhlükəli buzlaşma, şimal-şərq bölgələrində isə qar fırtınasının təsiri altında olduğunu açıqlayıb.

Rəsmilər xəbərdarlıq ediblər ki, qar fırtınası ölkənin böyük hissəsində sabaha qədər davam edəcək, daha sonra isə kəskin soyuqlar başlayacaq və bunun nəticəsində bir neçə gün ərzində buzlaşma, eləcə də təhlükəli nəqliyyat və infrastruktur problemləri yaşana bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu