İran MAQATE ilə əməkdaşlıq sazişini dayandırdı
İran MAQATE-nin daha bir antiiran qətnaməsi qəbul etməsinə cavab olaraq, Tehranın agentliklə əvvəlcə Qahirədə imzaladığı əməkdaşlıq sazişinin fəaliyyətini dayandırdığı barədə qurumu rəsmi şəkildə məlumatlandırıb.
AFN.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya, Almaniya və Fransanın BMT Təhlükəsizlik Şurasında ləğv edilmiş qətnamələrin bərpasına yönəlmiş “qanunsuz cəhdlərindən” sonra Qahirə sazişi artıq İran–MAQATE əməkdaşlığının əsası hesab edilə bilməz.
Əraqçi qeyd edib ki, bu barədə MAQATE-nin Baş direktoru Rafael Qrossiyə rəsmi məktub göndərilib və sənədin qüvvəsini itirdiyi bildirilib.
Nazir həmçinin vurğulayıb ki, MAQATE-nin İdarə Heyətinin növbəti antiiran qətnaməsi Tehranın agentliklə əməkdaşlığına zərər vuracaq.
Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa öz hərəkətləri ilə agentliyin nüfuzuna və müstəqilliyinə xələl gətirir və bu, İran–MAQATE münasibətlərinə ciddi xələl gətirəcək.
