İtaliyanın məşhur şəhərində açıq havada yemək yemək qadağan edilir


İtaliyanın məşhur turizm şəhəri Florensiya şəhər mərkəzində sıxlığın və görüntü çirkliliyinə dair şikayətlərin artmasından sonra 50 küçədə açıq havada yemək xidmətini qadağan etməyə hazırlaşır. UNESCO-nun qoruması altında olan tarixi mərkəzdə kafe və restoranların açıq havada oturma yerlərinə qoyulacaq məhdudiyyətlər gələn il qüvvəyə minəcək.

Şəhərdəki böyük meydanlar və Renessans heykəlləri artıq yemək masalarından görünməyəcək. Yerli sakinlər dar küçələrdə masa və stulların bir maneə zolağı yaratdığını iddia edərkən, sahibkarlar bu qərarın işlərinə mənfi təsir edəcəyini bildirirlər.

The Times-ın xəbərinə görə, tətbiq 50 küçədə tam qadağa, 70-dən çox ərazidə isə daha sərt qaydalar şəklində həyata keçiriləcək.

Piazza della Signoria-da yerləşən Ristorante Pizzeria Il David restoranının sahibi Daniela qərarın onun restoranına təsir göstərə biləcəyini qeyd edərək, “Açıq havada oturma sahəmiz bizim üçün həyati əhəmiyyət daşıyır”, – deyə bildirib. Daniela Palazzo Vecchio-nun yerləşdiyi ərazidə açıq havaya təxminən 60 stol qoyduqlarını deyib. “Nələrsə dəyişəcək, amma hazırda nə olacağını bilmirik”, – deyə o əlavə edib.

Qadağa çərçivəsində Ponte Vecchio, Piazzale degli Uffizi və Uffizi Qalereyası ətrafında da açıq havada oturma yerləri ləğv ediləcək. 73 fərqli nöqtədə isə çətirlərin və pleksiqlas külək sipərlərinin istifadəsinə ciddi qaydalar gətiriləcək. Bəzi tarixi meydanlarda plastik külək qoruyucularının tamamilə çıxarılması nəzərdən keçirilir.

Bələdiyyə həmçinin restoranları icazə verilən sahələri göstərmək üçün çim görünüşlü xalça istifadə etməyə həvəsləndirir.

Bolonya Universitetindən irs üzrə mütəxəssis Ilaria Agostini tətbiq edilən tədbirlərin kifayət etmədiyini iddia edib. Digər tərəfdən restoran sahibləri bu qərarın ənənəvi Florensiya mətbəxini arxa plana keçirəcəyini və satışları azaldacağını düşünürlər.

Tənqidçilər xəbərdarlıq edirlər ki, qadağalar bölgəni turistlərə yönəlmiş standart menyular təqdim edən müəssisələrə buraxacaq.

Yemək yazarı Leonardo Romanelli Cibo Today-ə verdiyi açıqlamada “Həqiqi restoranlar bağlanır. Həddindən artıq xərclər və şəhər estetikasına öncüllük verən siyasətlər bu məkanları həyata qaytaran insanları sıradan çıxarır”, – ifadələrini işlədib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu