ABŞ və İsrail atəşkəs planının ikinci mərhələsini müzakirə etdi
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşner İsrailin hərbi rəsmiləri ilə atəşkəs razılaşmasının ikinci mərhələsini dəyərləndirib.
“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Vitkoff və Kuşner İsrailə səfərləri çərçivəsində Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Şlomi Binder və İsrail Müdafiə Qüvvələrinin Planlaşdırma İdarəsinin rəisi Eyal Harel ilə görüşüblər.
Xəbərə əsasən, ABŞ rəsmiləri görüşdə atəşkəs razılaşmasının Qəzzədə beynəlxalq qüvvələrin yerləşdirilməsi və HƏMAS-ın silahsızlaşdırılmasını nəzərdə tutan ikinci mərhələsi öncəsi hazırlıqları müzakirə ediblər.
İsrail rəsmiləri isə Qəzza zolağının hələ də böyük hissəsində mövcud olan tunellərlə bağlı narahatlıqlarını ifadə edərək, beynəlxalq qüvvələrin bu tunelləri məhv etməsini istəyiblər.
Vitkoff və Kuşner həmçinin vasitəçi ölkələr olan Qətər, Türkiyə və Misirin Rəfahda iki İsrail əsgərinin öldüyü hadisə ilə bağlı hücumun HƏMAS tərəfindən idarə olunmadığı və ya əlaqələndirilmədiyi yönündəki mesajını çatdırıblar.
İsrail tərəfi isə İsrailli əsirlərin cəsədlərinin çıxarılması işlərinin sürətləndirilməsi və HƏMAS-ın öhdəliklərini yerinə yetirərək cəsədləri təhvil verməsi tələblərini irəli sürüb.
Xəbərdə həmçinin qeyd olunur ki, Qəzza zolağının yenidən qurulması bütün cəsədlərin qaytarılması və HƏMAS-ın silahsızlaşdırılması ilə şərtləndirilir.
ABŞ Prezidenti Donald Trampın Qəzzədəki müharibəni bitirmək planının ikinci mərhələsi beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini, İsrail ordusunun bölgədən çıxarılmasını və HƏMAS-ın silahsızlaşdırılmasını əhatə edir.
Qeyd edək ki, Qəzza zolağının cənubunda yerləşən Rəfahda 19 oktyabrda iki İsrail əsgəri həlak olmuşdu.
Bundan sonra İsrail HƏMAS-ın İsrail ordusu qüvvələrini hədəf aldığı iddiası ilə müxtəlif bölgələrə hava zərbələri endirmişdi.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadaları isə atəşkəsə sadiq olduqlarını və Rəfahda baş verən hadisələrlə əlaqələrinin olmadığını bəyan etmişdi.


