Maduro ABŞ-ın mümkün hücumuna hazırlaşır
Venesuela prezidenti Nikolas Maduro ABŞ tərəfindən hərbi hücum baş verəcəyi təqdirdə ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Bolivar Respublikasının icraçı vitse-prezidenti Delsi Rodriqes diplomatik korpusla görüş zamanı məlumat verib.
Rodriqes bildirib ki, fərman ölkənin ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini və həyati strateji maraqlarını qorumaq məqsədini daşıyır və ABŞ Silahlı Qüvvələri Venesuelaya qarşı aqressiyaya əl atarsa dərhal qüvvəyə minəcək.
Sənəd prezidentə konstitusiyaya uyğun olaraq “Milli Bolivar Silahlı Qüvvələrini bütün ölkə ərazisində səfərbər etmək, infrastruktur, ictimai xidmətlər, neft-qaz və digər sənaye sahələrini hərbi nəzarət altına almaq” səlahiyyətini verir. Hücum baş verərsə, vətəndaşların təhlükəsizliyinin təmin olunması, könüllülər və ehtiyat qüvvələrin səfərbəri, sərhədlərin qorunması və ərazi bütövlüyünün təmin edilməsi üzrə planlar da tətbiq olunacaq.
Rodriqes vurğulayıb ki, ABŞ Venesuelanın təbii sərvətlərini, xüsusilə də dünyanın ən böyük neft ehtiyatlarını ələ keçirməyə çalışır. O əlavə edib ki, dünyanın əsas neft istehsalçısı ölkələrinin çoxu ABŞ-ın birtərəfli məcburi tədbirlərinə məruz qalır.



