Pakistan Trampı Nobel sülh mükafatına namizəd göstərdi

Pakistan Hindistanla yaşanan son böhranda oynadığı diplomatik rol və liderliyə görə ABŞ Prezidenti Donald Trampı 2026-cı il Nobel sülh mükafatına namizəd göstərib.
Pakistan baş naziri ofisindən verilən açıqlamada Trampın Hindistan və Pakistan arasında artan gərginlik zamanı vasitəçilik rolu oynadığı, bunun da nüvə silahına sahib iki ölkə arasında genişmiqyaslı münaqişənin qarşısını aldığı bildirilib.
Açıqlamada qeyd olunub ki, Tramp həm İslamabad, həm də Yeni Dehli ilə həyata keçirdiyi intensiv diplomatik əlaqələr sayəsində qısa müddət ərzində atəşkəsin əldə olunmasına şərait yaradıb və milyonlarla insanı təsirləndirə biləcək dağıdıcı qarşıdurmanın qarşısını alıb.
Trampın 2026-cı il Nobel sülh mükafatına namizəd göstərilməsi qərarının verildiyi açıqlamada vurğulanıb ki, ABŞ Prezidentinin səyləri sülh yolu ilə həll və dialoqdan yana olduğunu göstərir və bu da onun əsl sülh elçisi obrazını möhkəmləndirir.
Açıqlamada həmçinin Trampın Kəşmir probleminin həllinə dair səmimi vasitəçilik təkliflərinin məmnunluqla qarşılandığı, bu məsələnin Cənubi Asiyada davamlı sabitliyin qarşısındakı ən böyük maneələrdən biri və BMT Təhlükəsizlik Şurasının qərarları çərçivəsində həll edilməli olduğu vurğulanıb.
Bununla yanaşı açıqlamada Trampın Hindistan–Pakistan böhranındakı liderliyinin praqmatik diplomatiya və səmərəli sülh quruculuğunun davamı olduğu qeyd edilib və Yaxın Şərqdə, xüsusilə Qəzzadakı humanitar faciə və İsrailin İrana hücumlarından sonra artan gərginlik kontekstində Trampın qlobal sabitlik naminə konstruktiv rol oynamağa davam edəcəyinə ümid ifadə olunub.