Məktəbli formalarının dizaynı dəyişəcək? – Bakı Tikiş Evi açıqladı

Məktəbli formalarının dizaynı dəyişəcəkmi? - Bakı Tikiş Evindən açıqlama
Yeni tədris ilindən məktəbli formalarının dizaynı və qiymətləri ilə bağlı mediada müxtəlif müzakirələr gedir.
AzEdu.az-a açıqlama verən "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov məsələyə aydınlıq gətirib.
O bildirib ki, hazırda mövcud məktəbli formalarının istifadəsi davam edir və hər il dizaynın dəyişməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
“Məktəbli formalarının dizaynı Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən müəyyən olunur və heç bir şəxsin və ya təşkilatın bu dizaynı dəyişmək səlahiyyəti yoxdur,” – deyə E. Əzimov vurğulayıb.
O qeyd edib ki, yeni forma təqdim olunduqda əvvəlki dizaynlar ləğv edilir: “Məsələn, 2010-cu ildən 2020-ci ilə qədər istifadə olunan formalar eyni standartlara əsaslanırdı. İndiki dizaynda da hər il dəyişiklik edilmir.”
Qiymətlərlə bağlı danışan Əzimov bildirib ki, ötən il formaların qiymətində 20 faiz endirim tətbiq olunub.
“Formalarımız 100% pambıqdan hazırlanır və yalnız təbii parçalardan istifadə olunur. Bazarda isə sintetik qarışıqdan hazırlanan formalar daha çoxdur. Buna görə də bizim qiymətlər minimal səviyyədə saxlanılır və məhsulun keyfiyyətinə uyğun müəyyən edilir,” – deyə o bildirib.