Saxta diaqnozla milyonlar qazanan həkimə 10 il həbs

ABŞ-ın Texas ştatında uzun illər boyunca xəstələrinə yanlış diaqnozlar qoyaraq sığorta şirkətlərini aldadan revmatoloq Xorxe Zamora-Kesada 10 il müddətinə azadlıqdan məhrum edilib.
ABŞ Ədliyyə Nazirliyinin yaydığı açıqlamaya görə, Texasın Mission şəhərində yaşayan həkim 2000–2018-ci illər arasında xəstələrinə saxta xroniki xəstəlik diaqnozları qoyub və bunun əsasında sığorta şirkətlərinə 118 milyon dollardan çox saxta ödəniş tələbi göndərib.
Zamora-Kesada bu yolla 28 milyon dolların üzərində qanunsuz qazanc əldə edib və “səhiyyə xidməti fırıldağı” ittihamı ilə cəzalandırılıb.
Məhkəmə qərarına əsasən, o, həmçinin 28 milyon 245 min 454 dollar təzminat ödəməli və biri təyyarə, digəri lüks avtomobil daxil olmaqla 13 daşınmaz əmlakına müsadirə qoyulmalıdır.
Sənədlərə əsasən, həkim xəstələrinə yalançı revmatoid artrit diaqnozu qoyaraq onların həyatı boyunca müalicəyə ehtiyacları olduğu fikrini formalaşdırıb. Ehtiyac olmadığı halda bəzən təhlükəli prosedurlar tətbiq edərək onlardan mütəmadi gəlir əldə edib.
Əldə olunan pullarla Zamora-Kesada ABŞ və Meksikada daşınmaz əmlak, təyyarə və lüks avtomobil alıb.
İstintaq zamanı digər revmatoloqlar onun xəstələrinin əksəriyyətində gerçəkdə revmatoid artrit olmadığını təsdiqləyib.