Mərkəzi Bankın yeni binasına çəkilən xərclə 2 böyük qəsəbə tikmək olardı

Mərkəzi Bank üçün tikilən yeni inzibati bina yenidən ictimaiyyətin diqqət mərkəzinə düşüb.
AFN.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli binanın həddən artıq baha başa gəlməsini tənqid edib. "Tikintiyə bu günə qədər 477 milyon 348 min manat xərclənib, son tamamlama işlərinə isə əlavə olaraq 153 milyon 883 min manat ayrılacaq", - deyə ekspert bildirib.
İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın yeni binası ümumilikdə 631 milyon 231 min manata başa gələcək: "Hazırkı binada bir neçə dəfə olmuşam – müasir və funksional binadır. Təkcə fasad şüşələrinin rəngini dəyişsəydilər, kifayət edərdi. Yeni binaya bu qədər vəsait niyə xərclənməlidir?"
Natiq Cəfərli həmçinin vurğulayıb ki, bu məbləğlə Qarabağda 10 kənd və ya 2 böyük qəsəbə tikmək mümkün olardı.