İspaniyada mobil elektrik şəbəkələri çökdü

İspaniyada "Telefonica" şirkətinə məxsus telekommunikasiya infrastrukturunda baş verən texniki nasazlıq səbəbindən ölkə üzrə ciddi rabitə problemləri yaşanıb. Hadisə, son həftələrdə baş verən genişmiqyaslı elektrik kəsintilərindən sonra qeydə alınıb.
"Telefonica"nın xidmət göstərdiyi İspaniyanın bir çox bölgəsində yaranan nasazlıq nəticəsində xüsusilə sabit telefon xətlərində ciddi fasilələr müşahidə olunub.
Mobil səs xidmətlərində də qismən kəsintilər yaşanıb və təcili yardım xətlərinə çıxış mümkün olmayıb.
Təcili yardım xidməti 112 fəaliyyət göstərməyib
Aragon, Ekstremadura, Bask bölgəsi və Valensiya kimi muxtar bölgələrdə 112 təcili yardım xəttinə daxil olmaq mümkün olmayıb.
Yerli idarəetmələr vətəndaşlara alternativ telefon nömrələri vasitəsilə xidmət göstərildiyini elan ediblər.
İspaniya mətbuatının məlumatına görə, kəsintilər çərşənbə axşamı gecə 02:00 radələrində başlayıb.
"Downdetector" platformasının məlumatına əsasən, istifadəçilərin:
- %72-si tam xidmət dayanmasından,
- %18-i siqnal itkisindən,
- %10-u isə ümumilikdə əlaqənin mümkünsüz olmasından şikayət edib.
"Telefonica" şirkətindən açıqlama:
Şirkət hadisə ilə bağlı açıqlamasında, şəbəkə üzərində bəzi yeniləmələrin həyata keçirildiyini bildirib. Bu yeniləmələrin bəzi şirkətlərin xidmətlərinə təsir göstərdiyi və problemin həlli üzərində işlədikləri qeyd edilib.
İspaniyanın Rəqəmsal Transformasiya və İctimai Xidmətlər Nazirliyi isə prosesin yaxından izlənildiyini, problemin səbəbi və həll müddəti ilə bağlı ətraflı məlumat tələb etdiklərini açıqlayıb.
Bəzi bölgələrdə xidmət bərpa olunmağa başlayıb
Yerli vaxtla 10:30 etibarilə Valensiya, Aragon, La Ryoja və Andalusiya kimi bəzi bölgələrdə xidmətlərin tədricən normallaşmağa başladığı bildirilib.
Valensiya bölgəsi başda olmaqla bəzi ərazilərdə 112 xətti yenidən fəaliyyətə keçib.
Bask bölgəsində isə problem bütün zənglərə təsir etmir, amma təsadüfi və lokal şəkildə ortaya çıxır. Regional Təcili Yardım İdarəetmə Mərkəzi bu vəziyyətə müdaxilə edə bilmədiklərini açıqlayıb.
Qeyd edək ki, İspaniya qısa müddət əvvəl də genişmiqyaslı elektrik kəsintiləri ilə mübarizə aparmışdı və bu vəziyyət ölkə üzrə böyük çətinliklər yaratmışdı.