Yeni rüsumlar ABŞ gəmiçiliyinə və limanlarına zərbə vurub

Tramp administrasiyasının Çinlə artan rüsumların səbəb olduğu ticarət münaqişəsi Amerika iqtisadiyyatına təsir etməyə başlayıb.
AFN.az xəbər verir ki, bu barədə nüfuzlu "Financial Times" nəşri məlumat yayıb.
Bildirilir ki, Donald Trampın Pekinlə ticarət müharibəsi ABŞ-ın ümumi iqtisadiyyatına təsir göstərməyə başlayır: "Çünki konteyner limanı operatorları və hava yükləri üzrə menecerlər Çindən malların daşınmasının kəskin azaldığını bildirirlər”. Nəşrin yazdığına görə, idxalçılar Pekin və Vaşinqton arasında razılaşma ümidi ilə Amerikaya göndərişləri dayandırdıqları üçün sifarişlər azalır.
Logistika qruplarından verilən məlumata görə, Çin idxalına 145 faiz rüsum tətbiq edildikdən sonra ABŞ-dan konteyner sifarişləri kəskin şəkildə azalıb. Çindən mallar üçün əsas giriş nöqtəsi olan Los-Anceles limanı gələn həftə, mayın 4-dən başlayaraq planlaşdırılan daşınmaların bir il əvvəlkindən üç dəfə aşağı olacağını gözləyir. Aviaşirkət operatorları da sifarişlərin kəskin azaldığını bildiriblər. Vizion konteyner izləmə xidmətinə görə, aprelin ortalarına qədər Çindən ABŞ-a standart altı metrlik daşıma konteynerləri üçün sifarişlər bir il əvvəlkindən 45 faiz az olacaq.
170 ölkədə 45 milyon şirkəti təmsil edən Beynəlxalq Ticarət Palatasının (ICC) baş katibi Con Denton bildirib ki, Çin və ABŞ arasında ticarət axınındakı qarışıqlıq, Vaşinqton və Pekinin tarifləri azaltmaq üçün razılığa gəlməsini gözləyərkən treyderləri qərarları dayandırmağa məcbur edir. Denton qeyd edib ki, ABŞ bazarına çıxışın dəyəri 1930-cu illərdən bəri ən yüksək qiymət ola bilər.