Şokolad təhlükədədir: 2030-cu ilə qədər bütün kakao ağacları yox ola bilər

Qərbi Afrika ölkəsi Fil Dişi Sahilindəki kakao istehsalçıları iqlim dəyişikliyi, aşağı qiymətlər və ədalətsiz ticarət şərtləri səbəbindən məhsuldarlıqda ciddi azalma olduğunu ifadə edərək, tədbir görülməsə, 2030-cu ilə qədər bütün kakao ağaclarının yox ola biləcəyi xəbərdarlığını ediblər.
Dünyanın ən böyük kakao istehsalçısı olan Fil Dişi Sahilində, xüsusən də Bafing-Tonkpi bölgəsində fəaliyyət göstərən fermerlər qlobal bazarlara, xüsusilə Böyük Britaniya və Avropa ölkələrinə kakao tədarük edirlər.
Lakin illərdir davam edən aşağı qiymət siyasəti və kifayət qədər investisiyanın olmaması istehsalçıları böyük böhran həddinə çatdırıb.
"Yeyasso" adlı fermer kooperativi 5 min istehsalçıdan əldə etdiyi kakaonun miqdarının son illərdə 30 faiz azaldığını və bunun da bir çox fermerin kauçuk və palma ağaclarına üz tutmasına səbəb olduğunu açıqlayıb.
"Yeyasso" fermer liderlərindən Biabate Posseni məhsulun qeyri-müntəzəm yağış və günəş səbəbindən zədələndiyini bildirib.
Posseni "Yağış gözlədiyimiz anda gəlmir və günəşli olması lazım olan zaman güclü yağışlarla qarşılaşırıq. Belə davam edərsə, 2030-cu ilə qədər kakao ağaclarımız qalmaya bilər" deyib.
Bogouine bölgəsindəki fermer Vemo Bakayoko bildirib ki, fermasında 10 il əvvəl ildə 700 kiloqram kakao istehsal edildiyi halda, keçən il bu rəqəm 300 kiloqrama düşüb.
"Xəstəliklərə görə istehsal demək olar ki, iki dəfə azalıb. Hər il nə ilə qarşılaşacağımızı bilmirik", - deyə Bakayoko bildirib.
Bölgədəki digər problem kakao ağaclarına təsir edən “şişmiş tumurcuq xəstəliyi” kimi tanınan virus infeksiyasıdır.
2016-cı ildə bu xəstəlik səbəbiylə 4 hektarlıq fermasını itirən fermer Fabris Flan "Bütün təsərrüfatım məhv oldu. Bu mənim yeganə gəlir mənbəyim idi" deyərək vəziyyəti ümumiləşdirib.
Fil Dişi Sahili Kənd Təsərrüfatı Nazirliyinin regional direktoru Tomas Adei hökumətin əsas siyasəti kimi aqromeşəçiliyi dəstəklədiklərini bildirib.
İstehsalçıları təsərrüfatlarında meyvə və kölgə ağacları əkməyə çağırdıqlarını qeyd edən Adei, 1960-cı illərdə istehsal artsa da, meşələrin həddindən artıq istismar edildiyini və bunun uzunmüddətli perspektivdə məhsuldarlığı ciddi şəkildə aşağı saldığını vurğulayıb.
Avropada qüvvəyə minmiş meşələrin qırılmasına qarşı qaydalara hazırlıq çərçivəsində ölkədə istehsalçı şəxsiyyət vəsiqələri yaradılır və hər bir təsərrüfat üzrə istehsal məlumatları qeydə alınır.
"Fairtrade" sertifikatlı "Yeyasso" kooperativi “Shared Impact” adlı yeni pilot layihə ilə daha davamlı model üzərində işləyir. Bu təşəbbüs çərçivəsində Böyük Britaniyada yerləşən M&S supermarketlər şəbəkəsi ilə uzunmüddətli təchizat müqavilələri bağlamaq hədəflənir.
Kooperativ prezidenti Doumbia Abu Zeid ədalətli ticarət şərtləri ilə satılan kakaonun nisbətini 20 faizdən 40 faizə yüksəltməyi, fermerlərə mükafat ödənişlərini artırmağı və ətraf mühit layihələrini dəstəkləməyi hədəflədiklərini söyləyib.
"Fairtrade Foundation Partnerships" direktoru Kerrina Soroqud "Bu model şirkətləri davamlılıq səylərini genişləndirmək üçün birlikdə hərəkət etməyə təşviq edir. Parçalanmış layihələrdən daha çox birgə fəaliyyətlə daha böyük təsir əldə edilə bilər" deyib.
Ekspertlərin fikrincə kakao sektorunun davamlılığı üçün beynəlxalq maraqlı tərəflərin, xüsusilə alıcı ölkələrin məsuliyyət daşıması və istehsalçılarla ədalətli əməkdaşlıq qurması həyati əhəmiyyət kəsb edir.