Ağ Ev: ABŞ-İran danışıqları birbaşa olacaq

İran və ABŞ arasında aprelin 12-nə planlaşdırılan danışıqlar birbaşa olacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karoline Leavitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib. O, mövzu ilə bağlı İran tərəfinin qarşıdakı təmasların vasitəçi vasitəsilə həyata keçiriləcəyi haqda bəyanatlarını şərh edərkən danışıb.
“Ancaq mən prezident Donald Trampın bu məsələ ilə bağlı hər hansı əlavə təfərrüatları açıqlayacağı haqda danışa bilmərəm”, - deyə Leavitt əlavə edib.
Tramp bildirib ki, o, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparmağı təklif edən mesaj göndərib. Martın sonunda İranın xarici işlər naziri Abbas Əraqçi qeyd edib ki, Tehran ABŞ administrasiyası rəhbərinin məktubuna cavab göndərmək üçün Omanın vasitəçilik xidmətlərindən istifadə edib.