Fransa və Britaniya Ukraynanın strateji yerlərində qoşun yerləşdirmək istəyir

Fransa və Böyük Britaniya cəbhə xəttində ukraynalıları öz qoşunları ilə əvəz etmək niyyətində deyillər və gələcək dəstək qüvvələrinin Ukraynada Kiyev üçün strateji əhəmiyyətli yerlərə yerləşdirilməsinə görə çəkindirici təsir göstərəcəyini gözləyirlər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi məsələsi üzrə keçirilən sammitin yekunları haqda danışarkən deyib.
"Dəstək qüvvələri sülhməramlı qüvvələr olmayacaq və təmas xəttində hərbçiləri, Ukrayna silahlı qüvvələrini əvəz etməyəcəklər. Amma bu qüvvələr ukraynalılarla birlikdə müəyyən ediləcək müəyyən strateji yerlərdə olacaq", - deyə Makron bildirib.
Onun sözlərinə görə, bu cür qüvvələrin yerləşdirilməsi yalnız təhlükəsizlik təminatlarından biri kimi sülh sazişinin imzalanmasından sonra mümkün olacaq. Onlar avropalıların uzunmüddətli dəstəyini nümayiş etdirməli, həmçinin potensial Rusiya təcavüzünə qarşı çəkindirici vasitə kimi çıxış etməlidirlər. Makron əlavə edib ki, bu qüvvələrin Ukraynaya göndərilməsi NATO-nun şərq cinahındakı kontingenti zəiflətmək hesabına olmayacaq.