Aİ-nin Ukraynaya yeni yardım paketi Kiyevdə təqdim olunacaq

Ukraynaya yeni Avropa yardım paketi fevralın 24-də Avropa Komissiyasının Kiyevə səfəri zamanı təqdim olunacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius bildirib. O, qardımın həcminin yüz milyardlarla avroya çatacağı ilə bağlı məlumatları şərh etməkdən imtina edib.
Andrius Kubiliusun sözlərinə görə, Avropa Komissiyası güclü siqnal göndərmək üçün bütün variantları müzakirə edir: "Başqa ölkələrin nə etməsindən asılı olmayaraq, Ukraynanın yanında olmaqda davam edirik". O hesab edir ki, bu siqnalı göndərmək üçün yaxşı fürsət münaqişənin başlanmasının ildönümündə olacaq. “Bu yardımın həcminə gəlincə, müxtəlif rəqəmlər qeyd olunur, yüz milyardlara qədər, lakin mən hələ bu barədə danışmağa hazır deyiləm, yanlış gözləntilər yaratmamaq üçün bazar ertəsinə qədər gözləyək”, - deyə Kubilius qeyd edib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen fevralın 24-də Avropa Komissiyasının demək olar ki, tam tərkibdə Kiyevə səfər edəcəyini açıqlayıb.