"Coca-Cola"da təhlükəli maddə aşkarlandı: məhsullarını geri çağırdı
"Coca-Cola" bəzi Avropa ölkələrində satılan və tərkibində yüksək miqdarda xlorat olduğu aşkarlanan içkiləri geri çağırıb.
Belçika Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyi (FASFC) "Coca-Cola Europacific Partners Belgium" tərəfindən istehsal edilən bir neçə məhsulu həddindən artıq xlorat səviyyəsinə görə geri çağırmaq qərarına gəldiyini açıqlayıb.
Açıqlamada istehsal kodları 328 GE-338 GE arasında olan "Coca-Cola", "Fanta", "Sprite", "Fuse Tea", "Nalu", "Minute Maid", "Tropico" və "Royal Bliss" markalarına aid qutularda və şüşə butulkalarda olan içkilər, eləcə də müxtəlif növ bu məhsullar geri çağırılıb.
İstehlakçılara sözügedən məhsulları istehlak etməmələri ilə bağlı xəbərdarlıq edilib və məhsulların satış nöqtələrinə qaytarıla biləcəyi vurğulanıb.
Belçika mətbuatının yazdığına görə, geri çağırılan "Coca-Cola" məhsulları noyabr ayından etibarən Belçikanın Gent şəhərindəki müəssisədə istehsal olunub.
Məhsullar Belçika ilə yanaşı, Hollandiya, İngiltərə, Almaniya, Fransa və Lüksemburqa da göndərilib.
Qeyd edək ki, xlorat suyun təmizlənməsində və qida emalında xlor əsaslı dezinfeksiyaedici maddələrdən istifadə etməklə istehsal olunur.