Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb
Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə itkin düşüb, onların axtarışları davam edir.
Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib.
Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsində 4 nəfərin boğularaq öldüyünü, Türküstan bölgəsində isə bir azyaşlının su axarının altında qalaraq həyatını itirdiyini bildirib.
Abay vilayətində 2 nəfərin axtarışlarının davam etdiyini deyən Kocayev əlavə edib ki, baş vermiş hadisələrlə bağlı artıq cinayət işi açılıb, polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
Fövqəladə vəziyyət 38 yaşayış məntəqəsində “yerli miqyasda” davam edir.
113 min 852 təsərrüfat heyvanı təhlükəsiz ərazilərə təxliyə edilib.
Akmola, Aktobe, Atrau, Kostanay və Şimali Qazaxıstan vilayətlərində 5 min 718 evi su basıb.
Ölkədə daşqınlarla mübarizəyə əsgərlər də daxil olmaqla 44 min 156 şəxsi heyət səfərbər edilib.