Naxçıvanda 95 milyon manat vəsaitin istifadəsində nöqsanlara yol verilib
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2023-cü il üçün təsdiq olunmuş İş planına uyğun olaraq il ərzində 6 uyğunluq auditi keçirilib və rəsmiləşdirilib.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, kənd təsərrüfatı sahəsində məhsul istehsalçılarına subsidiya verilməsi məqsədilə ayrılmış vəsaitin 8,5 milyon manatı qeyri-qanuni və əsassız xərclənməsi halları müəyyən edilib.
Bununla yanaşı, 94,5 milyon manat məbləğində vəsait üzrə bir sıra nöqsanlara yol verilib. Belə ki, əməliyyatlar qanunvericiliyə riayət edilmədən aparılıb, o cümlədən pullu xidmətlərdən yığılan vəsaitlər bank hesabına ödənilib, vəsaitlər müqavilə şərtlərindən artıq ödənilib, vəsaitlər normativlərə istinad edilmədən sərf olunub, yanacaq xərcləri əsassız silinib, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparılıb və enerji itkilərinə yol verilib.