"Avromed"ə məxsus "Vita aptek"də 17 manatlıq dərman 37 manata satılır - FOTOFAKT
Mərdəkandakı "Vita Aptek"də 17 manatlıq dərman 37 manata satılır.
AFN.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə tanınmış teleaparıcı Zamirə Dadaşova bildirib. O, "Truxal" adlı dərmanın Mərdəkanda yerləşən "Vita Aptek"dən 37 manata alındığını sübut edən fotolar paylaşıb.
Aparıcı bunları yazıb: "Dərmanların satışına kim nəzarət edir? Bu özbaşnalıq nə zaman sona catacaq? Zatən həyatımız xəstəliklərlə dərmanlarla zəhərlənib gedir. Hansı aptekə girirsən növbə, hansı klinikaya girirsən növbə. İnsafınız olsun! 17 manatlıq dərmanı 37 manata satmaq nə deməkdir? Demək, kim nə istəyir edəcək bu ölkədə? Vicdanınız hanı? Adam var ac qalır, borc edib bu dərmanları alır ki, sizin kimi harınlamış, xəstə cəmiyyətdə yaşaya bilsin. Dəyərmi mənəviyyatı, xisləti, ruhu iltihablaşmış cəmiyyətdə yaşamağa? O 17 manatdan zatən qazanırsan. 20 manat da əlavə qazanmaq istəyi nədir axı?! Qorxmursunuz qanunlardan? O dəmir yumruq ermənilərin başını əzdiyi kimi, bir gün sizin də başınızı əzəcək! Növbə sizə də catacaq! Azərbaycan xalqı axı namuslu, qeyrətli, əl tutan, ürəyi yanan xalqdır. Sizin kimi gözü doymayanların ucbatından hər yerdə adımız fırıldaqçı kimi tanınır".
Z.Dadaşovanın paylaşdığı qəbzlərdən aydın olur ki, eyniadlı dərman eyni gündə başqa aptekdən 17.38 manata alınıb. "Truxal"ın Tarif Şurası tərəfindən təsdiqlənən qiyməti isə 15.71 manatdır.
AFN.az-ın apardığı kiçik araşdırma nəticəsində məlum oldu ki, "Vita Aptek"lər şəbəkəsi "Avromed" QSC-yə məxsusdur. Qeyd edək ki, "Avromed" şirkətinin qurucusu və sahibi deputat Cavanşir Feyziyevdir. C.Feyziyev mediadaya açıqlamasında şirkətin ona məxsus olmadığını bildirsə də, AFN.az olaraq ortaya bir neçə il əvvəl bunun əksini sübut edən materiallar qoymuşuq.
Bir müddət əvvəl C.Feyziyevin Londonda 63 milyon dollarına həbs qoyulması ilə bağlı məlumat ictimailəşib.