Parisdə Paşinyana söz veriblər ki... - ŞƏRH
Parisdə Nikol Paşinyanın beynini əməllicə doldurublar. Əgər Paşinyan ötən il “Azərbaycanla sülh sazişi imzalamağa yaxınıq” deyirdisə, indi Azərbaycanın Ermənistan ərazilərinin işğalı və müharibə təhlükəsindən danışır.
AFN.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, bunun qarşılığında da Fransa rəsmiləri “Ermənistanı Azərbaycandan qoruyacağıq” kimi açıqlamalar verirlər: "Əvvəlcə Paşinyanı Parisə çağırdılar, o geri dönməyə macal tapmamış Fransanın müdafiə naziri İrəvana getdi və Ermənistanı yeni hərbi texnika ilə təhciz edəcəklərini vurğuladı. Bunun ardınca, Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini donduracağı barədə açıqlaması da Parisin planının tərkib hissəsidir. Yəqin Parisdə Paşinyana söz veriblər ki, Ermənistan KTMT-ni tərk edə bilsə və Rusiya hərbi bazasından qurtulsa, Fransa hərbi kontingenti Ermənistanda yerləşdiriləcək və bu, Ermənistanın təhlükəsizlik təminatı olacaq".
E.Şahinoğlunun sözlərinə görə, növbəti həmlə Kremlə aiddir: "Rusiya Paşinyanla Makronun birgə planlaşdırdıqları imic zərbəsinə tuş gəlməmək üçün Ermənistanda qarışıqlıq yaratmaqdan tutmuş Nikol Paşinyana qarşı sui-qəsd təşkil etməyə qədər vasitələri nəzərdən keçirəcək. İkinci Qarabağ müharibəsindən sonra bu alınmadı, Kreml növbəti cəhdə baş vuracaq".