Rusiya Nikol Paşinyanı cəzalandırmağın yeni üsulları barədə düşünə bilər
Maraqlıdır ki, müşahidəçilər sözügedən aksiyanı Ermənistan rəsmi dairələrinin Rusiyaya mesajı kimi dəyərləndirdiyi bir vaxtda Nikol Paşinyan polisə aksiyada iştirak edənləri həbs etmək əmri verib. Əslində nə baş verir? AFN.az-ın xəbərinə görə, siyasi şərhçi Elxan Şahinoğlu bildirim ki, Paşinyan belə bir əmri ervməklə Kremlə göstərmək istəyib ki, guya onun bu aksiya ilə əlaqəsi yoxdur: "Ancaq Kreml və onun Ermənistandakı əlaltısı olan “Qarabağ klanı” fərqli düşünür. “Qarabağ klanı” simasında müxalif siyasətçilər açıq bildiriblər ki, Rusiyanın hərbi bazası qarşısında aksiyanı birbaşa Paşinyan təşkil etməsə də, Ermənistanın baş naziri etiraza şərait yaradıb. Bunda həqiqət payı var. Birincisi, Paşinyan istəsəydi etirazın qarşısını etirazçılar hərbi bazaya yürüşə başlayarkən ala bilərdi. İkincisi, Paşinyan Rusiya hərbi kontingentinin Laçın yolunu açmamasından narazıdır. Paşinyan istəyinə nail olmadıqda Gümrüyə gedən erməni etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlamağa cəhd ediblər. Sanki Paşinyan Moskvaya demək istəyib ki, “biz də sizin yolunuzu bağlaya bilərik”. Üçüncüsü, Gümrü hərbi bazasının qarşısında Rusiya və Kreml sahibi Vladimir Putin əleyhinə aşağılayıcı şüarlar səsləndirilib. Bununla da etirazçılar Paşinyanın düşündüyünü dilə gətiriblər".
E.Şahinoğlunun sözlərinə görə, bu etirazla Paşinyan Kremlə demək istəyib ki, Laçın yolunu açmasaz Ermənistanda Rusiya əleyhinə narazılıq artacaq: "Rusiyadakı siyasi dairələr Nikol Paşinyanın ABŞ və Fransa ilə daha da yaxınlaşmaq üçün Rusiya əleyhinə bəhanə axtarmasından şübhəlidirlər. Növbə Kremlindir, Rusiyadakı dairələrin Nikol Paşinyanı cəzalandırmağın yeni üsulları barədə düşündüklərini ehtimal etmək olar. Kremlin Rusiya hərbi kontingentinin Qarabağdakı səlahiyyətlərini tədricən Azərbaycan ordusuna təhvil verməsi Paşinyana ən ağır zərbə olar".