"Kəpəz" bəyanat yaydı: Hakimlə razılaşmırıq
Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində Qəbələdə "Səbail"ə 1:4 hesabı ilə məğlub olan "Kəpəz" bəyanat yayıb.
Gəncə klubu matçın 44-cü dəqiqəsində hücumçu Amil Yunanovun yerə yıxıldığı epizodla bağlı etiraz səsini yüksəldib. Həmin anda oyunu davam etdirən baş hakimin qərarı ilə razılaşmayan gəncəlilər bunu açıq şəkildə bildiriblər və epizodun videotəkrarını yayımlayıblar.
Etiraz notunda aşağıdakı ifadələr yer alıb.
"Verilən qərarlarla BARIŞmırıq!
"Səbail” ilə oyunun 44-cü dəqiqəsində qapımıza təyin olunan penalti epizodundan əvvəl künc zərbəsi zamanı rəqib futbolçu Amil Yunanovu arxadan itələsə də, baş hakim Nicat İsmayıllı qayda pozuntusu qeydə almadı. Eyni epizodun davamında Junior Martinsin zərbəsindən sonra top "Səbail”in oyunçusuna toxunaraq meydanı tərk etdi. Laysman topun rəqibdən çıxdığına işarə edərək bayrağını müvafiq istiqamətə yönləndirsə də, baş hakim yenə fərqli qərar qəbul etdi. Və son nəticədə epizodun davamı qapımıza penalti ilə nəticələndi. 48-ci dəqiqədə komandamızın yerinə yetirdiyi künc zərbəsi zamanı rəqib futbolçu Rüfət Abdullazadə cərimə meydançasında hər iki əli ilə topla oynasa da, referi VAR-a ehtiyac duymadı".