Blinken yenidən İsrailə səfər edəcək
ABŞ dövlət katibi Antoni Blinken bu həftə yenidən İsrailə səfər edəcək.
Dövlət Departamentinin sözçüsü Metyu Miller başqa təfərrüatları açıqlamayıb. O, Blinkenin cümə günü İsrail hökumətinin üzvləri ilə görüşmək üçün İsrailə gedəcəyini və daha sonra bölgəyə başqa səfərlər edəcəyini qeyd edib.
Ağ Ev daha sonra prezident Co Baydenin İordaniya kralı II Abdullah ilə danışdığını bildirib. Ağ Evin bəyanatında deyilir ki, tərəflər zorakılığa son qoymaq, ritorikanı sakitləşdirmək və regional gərginliyi azaltmaq üçün təcili mexanizmləri müzakirə ediblər.
İki lider fələstinlilərin Qəzzadan kənarda məcburi köçkün edilməməsinin təmin edilməsinin mühüm əhəmiyyət kəsb etdiyi barədə razılığa gəliblər.
Blinken ABŞ-ın İsrailin "özünümüdafiə hüququna" dəstəyini bir daha təsdiqləmək və ölkəni mülki insanlara dəyən zərəri minimuma endirmək üçün ağlabatan tədbirlər görməyə çağırmaq üçün İsrail prezidenti İsaak Hersoqla da danışıb.