Türkiyə Şimali İraqda hava əməliyyatı keçirdi: 31 hədəf vuruldu
Sentyabrın 13 və 15-də İraqın şimalındakı Qara bölgəsində həyata keçirilən hava əməliyyatlarında, aralarında məsul terrorçular da daxil olmaqla, terrorçuların istifadə etdiyi 31 hədəf məhv edilib.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada İraqın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatı keçirildiyi, terrorçuların hədəflərinin vurulduğu bildirilib.
"PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək Şimali İraqdan xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq 13 və 15 sentyabr 2023-cü il tarixlərində İraqın Şimali Qara bölgəsində terrorçu hədəflərə qarşı hava əməliyyatları həyata keçirilib. Mağaralar, sığınacaqlar daxil olmaqla ümumilikdə 31 hədəf , məsuliyyətli səviyyədə terrorçuların olduğu hesab edilən sığınacaq və anbarlar dağıdılıb.
Həyata keçirilən əməliyyatlarda yerli və milli sursatdan maksimum istifadə edilərək bir çox terrorçu zərərsizləşdirilib.
Türk Silahlı Qüvvələri keçmişdə olduğu kimi ölkəmizin və millətimizin yaşaması və təhlükəsizliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər terrora qarşı mübarizəni qətiyyət və əzmlə davam etdirəcək.
Bu əməliyyat zamanı günahsız mülki şəxslərə, dost elementlərə, tarixi və mədəni sərvətlərə və ətraf mühitə zərər vurmamaq üçün bütün tədbirlər görülüb" - deyə açıqlamada qeyd edilib.