Çin rekord həcmdə qaz idxal edir
2023-cü ilin may ayında Çin boru kəməri qazı idxalında yeni rekorda imza atdı.
Bu barədə “İnterfaks” Çin gömrük qurumunun məlumatlarına istinadən yazıb.
Ay ərzində ölkəyə tədarüklərin həcmi 5,761 milyard kubmetrə çatıb. Bundan əvvəlki rekord 2022-ci ilin avqustunda 5,53 milyard kubmetr idxal edilmişdi. İllik ifadədə 2023-cü ilin mayında qaz tədarükünün artımı 14 faiz təşkil edib.
Çin boru kəməri qazını beş ölkədən - Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Myanmadan alır. Çinə tədarükün hazırkı artımı Pekinin siyasəti ilə deyil, onun Mərkəzi Asiyadan ixracatçılarının imkanları ilə izah olunur ki, bu da istilik mövsümü başa çatdıqdan sonra güclənir.
Həmçinin ilin əvvəlindən Rusiyanın “Sibirin gücü” qaz kəməri ilə nəqli planlaşdırıldığı kimi artıb. May ayında Çinin yanacaq balansında Rusiyadan boru kəməri idxalının payı 43 faiz təşkil edib.