ŞƏT-in baş katibi İranın təşkilata tamhüquqlu üzvlüyünü dəstəkləyir
İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlüyü bu qurumdakı qarşılıqlı fəaliyyəti yeni praktik məzmunla dolduracaq və geniş perspektivlər açacaq.
AFN.az xəbər verir ki, bunu ŞƏT-in baş katibi Çang Minq "RİA Novosti"yə müsahibəsində bildirib.
"Mən əminəm ki, İranın tam şəkildə iştirakı ŞƏT-in müxtəlif sahələrdə əməkdaşlığına yeni praktik məzmun verəcək və geniş perspektivlər açacaq", - Çanq Minq bildirib.
O vurğulayıb ki, İranın ŞƏT-ə üzvlüyü ilə bağlı daxili prosedurları yerinə yetirmək səylərini yüksək qiymətləndirir və bu İran ölkəsinin təşkilatın əməkdaşlıq gündəliyində konstruktiv və səmərəli iştirakını dəstəkləyir.
Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyi ŞƏT Dövlət Başçıları Şurasının 23-cü Sammitinin iyulun 4-də virtual formatda keçiriləcəyini açıqlamışdı. ŞƏT dövlət başçılarının qarşıdan gələn iclasında İranın təşkilata tamhüquqlu üzvlüyü rəsmiləşəcək.