Kanadan Fransaya səyahət edən vətəndaşlarına xəbərdarlıq etdi
Kanada etirazların davam etdiyi Fransaya səfər edən vətəndaşlarına ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.
Kanada hökumətindən verilən açıqlamada Fransanın şəhərlərində 17 yaşlı gəncin polis tərəfindən öldürülməsinə cavab olaraq başlayan etirazların davam etdiyi bildirilib.
Bəyanatda Fransaya səfər edən Kanada vətəndaşlarına "yüksək dərəcədə ehtiyatlı olmaq" barədə xəbərdarlıq edilib.
Fransada 27 iyundan bəri polis zorakılığına qarşı nümayişlərin keçirildiyi bildirilən bəyanatda, Paris, Lion və Tuluza da daxil olmaqla, ölkənin bir çox başqa şəhərində yeni nümayişlərin planlaşdırıldığı açıqlanıb.
Açıqlamada, "Nümayişçilər xidmət və nəqliyyatda ləngimələrə səbəb olub. Vandalizm, yandırma və nümayişçilərlə polis arasında şiddətli toqquşmalar baş verir. Bəzi hallarda təhlükəsizlik qüvvələri izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir" - deyə bildirilir.
Gücləndirilmiş təhlükəsizlik tədbirlərinə işarə edilən bəyanatda nümayişlərin Parisdə nəqliyyat qovşaqları, ictimai yerlər və xüsusilə turistik yerlər kimi strateji ərazilərdə keçirildiyi qeyd edilib.
İyunun 27-də Nanterre şəhərində polis məmurunun yol hərəkətinə nəzarət zamanı 17 yaşlı sürücünü güllələyərək öldürməsinin görüntüləri bütün ölkədə hiddətə səbəb olub. Davam edən hadisələrdə 1500-ə yaxın adam saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb.