Özbəkistanda növbədənkənar prezident seçkilərində erkən səsvermə başlayıb


İyunun 28-də Özbəkistanda növbədənkənar prezident seçkilərində erkən səsvermə başlayıb.


Bu barədə Özbəkistanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumatda bildiriir ki, seçki günü yaşayış yerində ola bilməyən seçicinin vaxtından əvvəl səs vermək hüququ var. Seçki məntəqəsində erkən səsvermə vaxtı iş günləri saat 9:00-dan 18:00-dək, həftə sonları və bayram günlərində isə saat 11:00-dan 17:00-dək davam edəcək.

Erkən səsvermə iyulun 5-dək davam edəcək. İyulun 9-da seçkilərin birinci turu keçiriləcək.

İyunun 5-də Özbəkistanın Mərkəzi Seçki Komissiyası respublikanın hazırkı rəhbəri Şavkat Mirziyoyevi ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizəd kimi qeydə alıb. Həmçinin, Xalq Demokratik Partiyasının lideri Uluqbek İnoyatov, Ekologiya Partiyasının sədri Abduşükür Həmzəyev və “Adolat” sosial-demokrat partiyasını təmsil edən Özbəkistan Ali Məhkəməsi sədrinin birinci müavini Robaxon Maxmudova da qeydə alınıb.

Xatırladaq ki, Özbəkistanda seçki kampaniyası mayın 10-da başlayıb. Ölkənin mövcud qanunlarına görə, ikinci müddətə prezident olan Mirziyoyev yenidən dövlət başçısı postuna müraciət edə bilər. O, 2016-cı ilin dekabrında keçirilən növbədənkənar seçkidə Özbəkistanın prezidenti seçilib, daha sonra isə 2021-ci ilin oktyabrında yenidən prezident olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu