Çexiya hökuməti ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib
AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, müqavilə ABŞ qoşunlarının Çexiyada mümkün yerləşdirilməsi və onların Çexiya silahlı qüvvələri ilə əməkdaşlığı üçün hüquqi əsas yaradır. "Bu, şübhəsiz ki, ölkəmizin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılmış bir addımdır", - deyə Çexiyanın baş naziri Petr Fiala bildirib.
Çexiya və ABŞ-ın müdafiə nazirləri tərəfindən sazişin imzalanması tarixi hələ müəyyən edilməyib. İmzalanandan sonra iki ölkənin parlamentləri və prezidentləri tərəfindən təsdiqlənməlidir.
Müdafiə naziri Yana Çernoxova ABŞ-ı ən mühüm müdafiə müttəfiqi adlandırıb. "Buna görə də transatlantik münasibətlərin möhkəmləndirilməsi Çexiyanın həyati maraqlarına cavab verir" - deyə, o deyib.
ABŞ alyansın şərq cinahını təşkil edən Polşa, Slovakiya, Macarıstan, Litva, Latviya, Estoniya, Rumıniya və Bolqarıstan da daxil olmaqla, NATO-nun digər 24 üzvü ilə oxşar sazişlər bağlayıb.
ABŞ qoşunlarının hər hansı konkret yeridilməsi hələ də Çexiya hökumətinin və parlamentinin təsdiqini tələb edəcək.