Şimal-Cənub layihəsinin işə düşməsi üçün İran Azərbaycana qarşı təxribatları dayandırmalıdır - ŞƏRH


Rusiya və İran strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşır.


AFN.az xəbər verir ki, artıq bu istiqamətdə müzakirələr başlayıb. Belə ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın bu günlərdə Moskvaya səfəri zamanı Rusiya XİN rəhbəri Sergey Lavrovla strateji əməkdaşlıqla bağlı söhbətləri olub. Sazişin yaxın aylarda imzalanacağı planlaşdırılır. Bu sənədin iki ölkə arasında 2001-ci ildə imzalanan əməkdaşlıq sazişini əvəz edəcəyi bildirilir. Ötən müddət ərzində İran Rusiyanın strateji tərəfdaşına çevrilib, bu səbəbdən də yeni sazişə ehtiyac yaranıb. Qeyd edək ki, bu, İranın imzalayacağı növbəti müvafiq saziş olacaq. Belə ki, İslam respublikası 2021-ci ildə Çinlə, 2022-ci ildə isə Venesuella ilə strateji tərəfdaşlıq sazişi imzalayıb.
Politoloq Elxan Şahinoğlu bu məsələni şərh edərkən bildirib ki, Moskva Qərbə qarşı mübarizədə İran və Çinlə üçlü koalisiya formalaşdırmaq istəyir. "Tehran da bu koalisiyada maraqlıdır" deyən siyasi şərhçinin sözlərinə görə, Venesuella ilə İranı sadəcə anti-Amerika siyasəti birləşdirir: "Tehranla Pekini isə anti-Amerikan siyasəti ilə yanaşı, dərin iqtisadi və ticarət əlaqələri birləşdirir. Çin yaxın illərdə İrana böyük yatırımlar həyata keçirməlidir. Bundan başqa Çin İrandan ucuz neft almaqda maraqlıdır. Pekinin İranla Səudiyyə Ərəbistanını barışdırmaq çalışmaları da Çinin Avrasiya bölgəsində artan rolundan xəbər verir".
E.Şahinoğlu vurğulayıb ki, Rusiya ilə İran arasında 2022-ci ildə ticarət nübadiləsi 15 faiz artaraq 5 milyard dollara çatıb: "Moskva növbəti mərhələdə İranla Şimal-Cənub nəqliyyat dəhlizini reellaşdırmaq istəyir. Rusiya bu dəhliz vasitəsilə Asiyanın uzaq ölkələri ilə ticarət mübadiləsini artırmağı planlaşdırır. Bu məqsədlə İran ərazisində 2025-ci ilə qədər Rəşt-Astara dəmiryolu tikilməlidir. Ancaq Moskvanın bu planları hazırda təhlükə altındadır. Çünki İranın Azərbaycana qarşı artan təxribatları iki ölkə arasındakı münasibətləri gərginləşdirib. Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb. Tehran Azərbaycanın İsraillə artan əməkdaşlığının əleyhinə açıqlamalar verməkdə davam edir. Bakıda azərbaycanlı deputata qarşı terror aksiyasında İranın adı hallandırılır. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında terror aksiyasının arxasında İranın olduğu bildirilib. Belə vəziyyətdə Azərbaycandan da keçəcək Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivi suallar doğurur. Bu layihənin işə düşməsi üçün İran Azərbaycana qarşı təxribatları dayandırmalı və münasibətlərin normallaşdırmasına çalışmalıdır. Ancaq Tehran bunları etmir."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu